Mayın 7-də IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə Heydər Əliyev Mərkəzində Qafqaz Biomüxtəlifliyi Sammiti keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.
Tədbirə həmçinin tanınmış beynəlxalq ekspertlər, bir sıra nüfuzlu təşkilatların, o cümlədən Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN), Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF), Smitson İnstitutunun, London Zoologiya Cəmiyyətinin və Harvard Universitetinin təmsilçiləri, eləcə də Azərbaycandan olan alimlər qatılıblar.
Sammitin əlaqələndiricisi Arlo Bradi bildirdi ki, Qafqaz Biomüxtəlifliyi Sammiti bəbir və digər pişikkimilərin mühafizəsi istiqamətində bilik və təcrübələrin bölüşdürülməsi, bu sahədə ən qabaqcıl və səmərəli vasitələrin tətbiqinin müzakirəsi məqsədini daşıyır.
Arlo Bradi Leyla Əliyevanın ətraf mühitin mühafizəsi ilə əlaqədar fəaliyyətini yüksək qiymətləndirdi.
Sonra Azərbaycanda biomüxtəlifliyin qorunması ilə bağlı film nümayiş etdirildi.
Sammitdə çıxış edən Leyla Əliyeva Azərbaycanın qədim ənənələr, zəngin tarix və mədəniyyət ölkəsi olduğunu bildirdi: “Ölkəmiz Avropa ilə Asiya arasında yerləşir və Şərq müdrikliyi ilə Qərb tərəqqisini özündə təcəssüm etdirir. Şəhərimizi nadir edən odur ki, qədim İçərişəhərin və Qız Qalasının memarlığı yeni tikilmiş müasir memarlıq nümunələri ilə birgə vəhdət təşkil edir. Azərbaycan keçmişdə tarixi İpək Yolunun mərkəzində olub. Bizim coğrafi mövqeyimiz nəinki mədəniyyətimizə, həmçinin təbiətimizə də təsirini göstərib. Belə ki, dünyadakı 11 iqlim qurşağının 9-u məhz Azərbaycanda yerləşir və bu, bizim biomüxtəlifliyimizi təmin edir”.
Təbiəti qorumağa gənc yaşlardan başlamağın vacibliyini qeyd edən Leyla Əliyeva IDEA-nın öz ətrafında gəncləri birləşdirdiyini dedi. “Ətraf mühiti nəinki öz Vətənimizdə, bütün dünyada qorumağı qarşısına məqsəd qoyan IDEA fəaliyyət göstərdiyi müddətdə Azərbaycanda və bütövlükdə regionda ekologiyanın, flora və faunanın mühafizəsi ilə bağlı bir sıra layihələr həyata keçirib. Onların sırasında bölgənin rəmzi olan, nəsli kəsilmək təhlükəsi ilə üzləşən 5 heyvan növünün - qonur ayı, imperator qartalı, boz canavar, ceyran və Qafqaz bəbirinin mühafizəsini nəzərdə tutan “Qafqazın böyük beşliyi” layihəsi xüsusi əhəmiyyət kəsb edir”, - deyə Leyla Əliyeva bildirdi.
Həyata keçirilmiş layihələr çərçivəsində Azərbaycanda 3 milyondan çox ağac əkildiyini diqqətə çatdıran Leyla Əliyevanın sözlərinə görə, bununla yanaşı təhsil ocaqlarında ətraf mühitin qorunması üzrə siniflər yaradılıb.
“Əsas məqsədimiz dünyada nəsli kəsilməkdə olan növlərin bərpasına nail olmaq və onları qorumaqdır. Bununla bağlı bir sıra beynəlxalq təşkilatlarla da birgə iş aparılır. Sevindirici haldır ki, artıq Azərbaycan Beynəlxalq Ətraf Mühitin Qorunması Təşkilatının üzvüdür”, - deyə Leyla Əliyeva qeyd etdi.
Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov ölkədə biomüxtəlifliyin qorunması istiqamətində görülmüş işlərdən danışdı. Nazir Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın da Azərbaycanda ekologiyanın, o cümlədən nəsli kəsilməkdə olan heyvanların mühafizəsi istiqamətində böyük işlər gördüklərini vurğuladı.
Hüseynqulu Bağırov biomüxtəlifliyin təmin olunmasında IDEA İctimai Birliyinin mühüm layihələr reallaşdırdığını, bu sahədə dövlət siyasətinə hərtərəfli dəstək verdiyini də qeyd etdi.
Nazir Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarında ətraf mühitə böyük ziyan vurulduğunu xüsusilə diqqətə çatdırdı.
Sonra IDEA İctimai Birliyinin fəaliyyəti ilə bağlı təqdimat oldu.
Sammitin birinci hissəsindən sonra tədbir iştirakçılarına Heydər Əliyev Fondu və IDEA tərəfindən aktual ekoloji problemlərin həlli, əhali arasında ictimai ekoloji nəzarətin gücləndirilməsi məqsədilə həyata keçirilən “Ağacların kəsilməsinə yox!” birgə proqramı barədə məlumat verildi.
Sammit çərçivəsində Adrian Sternin “Afrikanın vəhşi təbiəti” sərgisi də təşkil olunub.
X X X
Sammitin ikinci hissəsində ətraf mühitin və vəhşi təbiətin öyrənilməsi üzrə müxtəlif ölkələri təmsil edən mütəxəssislər, ekspertlər, alimlər çıxış edərək belə mühüm layihənin reallaşdırılmasına göstərdiyi dəstəyə görə Leyla Əliyevaya minnətdarlıqlarını bildirdilər, Azərbaycan hökumətinin meşələrin mühafizəsi istiqamətində gördüyü işlərin təqdirəlayiq olduğunu qeyd etdilər.
Sammitdə iştirak edən qonaqlar Qəbələyə səfər edəcək, Azərbaycanın fauna və florası ilə yaxından tanış olacaqlar.