Mayın 14-də “Nizami” Kino Mərkəzində IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin “Azərbaycanın 8 möcüzəsi” adlı xüsusi layihəsi çərçivəsində hazırlanan və “Şirvan Milli Parkı”ndan bəhs edən filmin təqdimatı olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva təqdimat mərasimində iştirak edib.
Mərasimdən əvvəl IDEA tərəfindən Dünya Vəhşi Təbiəti Mühafizə Fondunun Bakı nümayəndəliyinə 20 müşahidə kamerası təqdim olunub.
Leyla Əliyeva bildirib ki, müşahidə kameraları IDEA-nın Azərbaycanda bəbirlərin qorunması layihəsi çərçivəsində istifadə olunacaq, bəbirlərin yaşayış yerlərini və saylarını müəyyənləşdirmək məqsədilə istifadə ediləcək.
“Nizami” Kino Mərkəzində Beynəlxalq Qız Qalası Festivalı çərçivəsində hazırlanan ceyran maketləri və “Şirvan Milli Parkı” filminin rejissoru İqor Bışnyovun çəkiliş zamanı lentə aldığı fotolar da sərgilənib.
Leyla Əliyeva sərgidəki maketlərlə və fotolarla tanış olub.
Sonra “Şirvan Milli Parkı” filmi və “Ağgöl Milli Parkı” videoçarxı nümayiş etdirilib.
Filmin rejissoru və ssenari müəllifinin sözlərinə görə, bu, “Şirvan Milli Parkı” layihə çərçivəsində 1-ci filmdir. Layihənin təşəbbüskarı IDEA İctimai Birliyidir. İqor Bışnyov film üzərində işin 14 ay davam etdiyini, bu müddətdə 6 kino ekspedisiyanın təşkil olunduğunu bildirib.
Layihə çərçivəsində Ağgöl, “Zəngəzur”, Altıağac, Hirkan, Abşeron, Şahdağ və Göygöl Milli parkları barədə filmlərin çəkilişi də nəzərdə tutulub.