“Ağacların kəsilməsinə yox!” birgə proqramı çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradılıb
06/06/2014

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə start verdiyi “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində “Təbiətə təcili yardım” qaynar xətti və mobil qrupu yaradılıb.

Bundan sonra vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şikayət və təkliflərini şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsi ilə IDEA İctimai Birliyinə çatdıra bilərlər.

Vətəndaşlara qanunsuz ağac kəsimi ilə bağlı müraciətlərini IDEA İctimai Birliyinin rəsmi internet səhifəsi (http://ideacampaign.org/az/file_uploads_aze.html) vasitəsilə ünvanlamaq imkanı da yaradılıb. Problemi daha dəqiq işıqlandırmaq üçün ağac kəsilən ərazinin fotolarını da veb səhifəyə yükləmək mümkündür.

Proqram çərçivəsində yaradılmış mobil qrup daxil olan şikayətləri yerində araşdıracaq, problemlə bağlı əlavə sübutları, foto və video materialları toplayacaq. Şikayət və təkliflər araşdırıldıqdan sonra toplanmış sübut və materiallar hadisə ilə bağlı qərar verilməsi üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim ediləcək. IDEA həmin problemlərin həlli prosesini izləyəcək.

IDEA-ya daxil olan bütün müraciətlər təşkilatın rəsmi veb səhifəsində (http://ideacampaign.org/az/first_aid_to_the_nature/) xüsusi anket formasında yer alacaq. Vətəndaşlar burada daxil olan müraciətlərlə yaxından tanış ola, prosesin gedişatını izləyə biləcəklər.