Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
“Sən Bakını görməmisənsə, - Onda sən nə görmüsən? Nə?” (R.Rojdestvenski).
Şıltaq və coşqun xəzri – bu, Bakıdır!
Qədim daşlar, ultramüasir memarlıq şedevrlərilə orta əsrlərə məxsus dalanların ahəngi – bu, Bakıdır!
Xəzər çimərlikləri, dünyanın ən yaxşı aşpazlarının bitib-tükənməyən fantaziyası, caz melodiyasının valehedici, muğamın məftunedici cazibəsi, tarixi sirrlər və təbii gözəlliklər – bunlar da Bakıdır!
Əfsanələr, poemalar, musiqilər şəhəri.
Düz 5 il əvvəl isə “Baku” həm də parlaq, zövqlü və maraqlı bir jurnalın adına çevrildi. Bu jurnal Avropa ilə Asiyanın kəsişməsində yerləşən bu qədim şəhəri hər bir oxucunun qəlbinə bir qədər də yaxınlaşdırdı.
Bu gün jurnalımızın 5 yaşı tamam olur! Maraqlı mövzuların axtarışına və tapıntısına həsr olunmuş 5 il. Şəhər və onun əsas sərvəti olan sakinlərinə həsr edilmiş hekayələrin usanmadan axtarıldığı 5 il.
5 il boyunca jurnal Bakıya sevgisini elan edib, bu böyük, əbədi sevgini öz oxucularına da aşılamağa çalışıb. Onların sayı isə durmadan artırdı. Şəhərlə “Baku” jurnalının səhifələrində tanış olanlar “Eurovision-2012” müsabiqəsini öz gözlərilə görməyə, Bakı buxtasını Qız Qalasından seyr etməyə, İçərişəhərdə Azərbaycan mətbəxinin ləziz nümunələrini dadmağa, müasir yerli rəssamların istedadını qiymətləndirməyə, qədim Azərbaycan xalçalarının naxışlarının sehrli gücünü anlamağa tələsirdi.
Ötən 5 il ərzində “Baku” jurnalı barəsində bəhs etdiyi bu şanlı şəhərin adına layiq olmağa çalışıb. Beş ildə bizimlə birlikdə olmuş, bu son dərəcə gözəl və maraqlı səyahəti davam etdirməyə hazır olan hər kəsə minnətdarıq. Bakının hələ haqqında kitablar yazılmalı, filmlər çəkilməli, musiqilər bəstələnməli olan çox sirli və inanılmaz hekayələri var.
Bizim 5 yaşımız var. Amma bu, hələ yolun başlanğıcıdır. Söz veririk ki, bundan sonrası daha maraqlı, daha sehrli və daha rəngarəng olacaq. Çünki sehrli Bakı məhz bu cürdür – həmişə dəyişkən, amma dəyişməz qalan.
Bizim jurnalımız da belə olacaq.
“Baku” ilə darıxmayacaqsınız!