Londonda “Qəbələ” İdman Klubu boksçularının iştirakı ilə xeyriyyə matçı keçirilib
28/06/2014

Avropa Azərbaycan Cəmiyyəti (AAC) və Böyük Britaniyada fəaliyyət göstərən “Mo Farah” xeyriyyə fondunun birgə təşkilatçılığı ilə Beynəlxalq Qaçqınlar Günü münasibətilə Londonun “York Hall Leisure Centre” arenasında boks üzrə xeyriyyə matçı və qala-gecə keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Tədbir dünyada və Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərini beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlamaq məqsədi ilə təşkil olunub.

“Qəbələ” İdman Klubu prezidentinin müşaviri Toni Adams və məşhur boksçu Darren Barkerin birgə əməkdaşlığı ilə baş tutmuş yarışda Azərbaycanın “Qəbələ” İdman Klubunun boksçuları ilə İngiltərənin “Repton” Həvəskar Boks Klubunun idmançıları qarşılaşıblar.

Xeyriyyə matçından toplanacaq vəsait qaçqın və məcburi köçkünlərin ehtiyaclarına sərf ediləcək.

Tədbir çərçivəsində qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycanın bir milyondan artıq qaçqın və məcburi köçkününün problemlərindən bəhs edən broşürlər paylanılıb.