Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Londonda Britaniya Film və Televiziya İncəsənəti Akademiyasında (BAFTA) “Endless Corridor” (“Sonsuz dəhliz”) sənədli filminin premyerası keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva filmin premyerasında olub.
Premyeradan sonra “Justice for Khojaly” (“Xocalıya ədalət”) beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı olan Leyla Əliyeva bu faciə haqqında həqiqətlərin dünyada tanıdılmasının əhəmiyyətindən danışıb, “Endless Corridor” filminin çəkilməsindən məmnunluğunu ifadə edib. Leyla Əliyevanın fikrincə, “Endless Corridor” filmi erməni qəddarlığını üzə çıxaran Xocalı qırğınının ağlagəlməz dəhşətlərini əks etdirən real sənədli filmdir: “Biz belə cinayətlərin təkrarını bir daha görməməliyik”.
Təqdimatda filmin litvalı prodüseri Aleksandr Brokas, amerikalı prodüser Cerald Rafşun, beynəlxalq televiziya rəsmiləri və məşhur aktyorlar, o cümlədən Anna Arçer (BAFTA mükafatçısı), “Games of Thrones” adlı populyar teleserialın ulduzlarından olan İen Qlen də iştirak ediblər.
1992-ci il fevralın 26-da 613 kişi, qadın və uşağın qətlə yetirildiyi Xocalı qətliamından bəhs edən sənədli film britaniyalı aktyor Ceremi Ayronz tərəfindən səsləndirilib.
Sənədli film üzərində 5 ilə yaxın çalışmış A.Brokas bildirib ki, o, bu layihədə bölgədəki vəziyyətə müstəqil nöqteyi-nəzərdən yanaşmanı təmin etmək üçün 15 ölkəni təmsil edən aktyor heyəti ilə fəaliyyət göstərib.
ABŞ-ın sabiq prezidenti Cimmi Karter administrasiyasında ictimaiyyətlə əlaqələr üzrə direktor vəzifəsində çalışmış və hazırda Vaşinqtonda böyük tamaşaçı auditoriyasına malik olan “Camp David” şou proqramının prodüseri Cerald Rafşun isə beynəlxalq səylərə baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin bu günədək həll olunmadığını xatırladıb. O, ümid edir ki, bu film beynəlxalq diqqətin 20 ildən artıqdır münaqişə ocağına çevrilmiş bu regiona yönəlməsinə səbəb olacaq.
Premyeradan sonra “Sonsuz dəhliz” sənədli filminin dünyanın aparıcı televiziya kanallarında nümayişi planlaşdırılır.
Britaniya Film və Televiziya İncəsənəti Akademiyası (BAFTA) kino, televiziya filmləri və video oyunları kimi incəsənət nümunələrinin ən yaxşılarının müəyyənləşdirilərək mükafatlandırılması ilə məşğuldur.