Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
İyulun 10-da Fransanın Kann şəhərində bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin açılış mərasimi olub. Sərgi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində baş tutub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.
Tədbirin təşkil olunduğu Kannın Festivallar və Konqreslər sarayının direktoru Kler-Ann Reks Azərbaycanın artıq ikinci ildir ki, Kannda uğurlu təqdimatlarla çıxış etdiyini xatırladıb, bunu şəhərin həyatında mühüm hadisə kimi qiymətləndirib. Kler-Ann Reks şəhərə gələn çoxsaylı turistlərin bu tədbirlərə böyük maraq göstərdiklərini bildirib.
Mehriban Əliyeva mərasimdə çıxış edib:
- Xanımlar və cənablar, əziz dostlar.
Azərbaycanı Fransada nümayiş etdirən sərginin açılış mərasiminə xoş gəlmisiniz. İyirmi ildən çoxdur ki, Fransa ilə Azərbaycan arasında bütün sahələri əhatə edən əməkdaşlıq yaranıb. Bu əməkdaşlıq ikitərəfli hörmət, dostluq və maraq əsasında qurulub.
Bu ilin may ayında Fransa Prezidenti Fransua Ollandın ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın və Fransanın dövlət başçılarının görüşü bir daha bu əlaqələrimizin strateji xarakter daşıdığını təsdiqlədi. Mən bu kontekstdə təsis olunmuş Azərbaycanın Dostları Assosiasiyasını qeyd etmək istərdim. Bu assosiasiyanın yaradılmasını alqışlayırıq və dəstəkləyirik. Assosiasiya öz ətrafına Azərbaycanın dostlarını toplamış və assosiasiyanın üzvləri Azərbaycan həqiqətlərini Fransa ictimaiyyətinə çatdırırlar. Mən burada assosiasiyanın sədri cənab Jan-Fransua Manseli salamlayıram və ona öz dərin minnətdarlığımı bildirirəm. Həmçinin assosiasiyanın ən fəal üzvlərindən olan və Azərbaycanın əziz dostu xanım Raşida Datini görməyimə çox şadam. Ümidvaram ki, Assosiasiyanın üzvlərinin sayı artacaqdır. Mən sizin işinizə uğurlar arzulayıram.
Eyni zamanda, Azərbaycan ilə Fransa arasında iqtisadi əlaqələr ildən ilə möhkəmlənir. Ölkələrimiz telekommunikasiya, şəhərqurma, nəqliyyat, yüngül sənaye, şərabçılıq və digər sahələrdə əməkdaşlıq qurmuşdur. Azərbaycanda 50-dən çox fransız şirkəti fəaliyyət göstərir və bu fəaliyyət ikitərəfli fayda gətirməkdədir. Azərbaycan Fransanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Fransa ilə ticarət dövriyyəmiz iki milyard dollara yaxınlaşır.
Tarix boyu dilindən, dinindən asılı olmayaraq insanları, xalqları birləşdirən humanitar sahəyə biz diqqətlə yanaşırıq. Mən çox şadam ki, son illər Fransa ilə Azərbaycan arasında humanitar əlaqələr yeni səviyyəyə yüksəlmişdir. Bu gün Fransanın ali məktəblərində yüzlərlə azərbaycanlı tələbə təhsil alır, bir çox Fransa universitetlərində Azərbaycan dili və tarixi tədris olunur. Eyni zamanda, Azərbaycanın paytaxtı Bakıda fransız liseyi inşa olunmuş və fəaliyyət göstərir. Azərbaycan dövləti Luvr muzeyinin İslam İncəsənəti Departamentinin bərpasında iştirak edib, Heydər Əliyev Fondunun səyləri ilə Strasburqun Kafedral kilsəsi, Fransanın digər rayonlarında tarixi və memarlıq abidələri bərpa olunub.
Heydər Əliyev Fondunun dəstəyi ilə Fransanın paytaxtında və iyirmi şəhərində Qafqazın mirvarisi olan Azərbaycanın mədəniyyətini təmsil edən sərgilər, konsertlər və digər tədbirlər keçirilib. Parisdə dahi Azərbaycan şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfranslar keçirilib. Bu yaxınlarda Miluz şəhərinin Yuxarı Alzas Universitetinin filologiya fakültəsinin konfrans zalı Heydər Əliyev Fondunun dəstəyi ilə tamamilə yenidən qurulub və zala Məhsəti Gəncəvinin adı verilib. Əminəm ki, atılan bütün bu addımlar xalqlarımızı və ölkələrimizi biri-birinə daha yaxın edib, daha çox və sıx dostluq əlaqələri yaradıb. Bu sırada keçən il Kann şəhərində keçirilən Azərbaycan mədəniyyət günlərini xüsusi qeyd etmək istərdim. Mən çox şadam ki, Fransanın ən gözəl şəhərlərindən biri olan Kannda bizim bütün tədbirlərimiz böyük maraq və hörmətlə qarşılandı. Biz bu şəhərə ürəkdən bağlandıq və mədəniyyət günlərimizi ənənəvi olaraq burada keçirmək istərdik. Mən fürsətdən istifadə edərək bizə yardım göstərən və bütün tədbirlərimizdə bizə dəstək verən hər bir insana, eyni zamanda Kann şəhərinin keçmiş meri cənab Bernar Broşana və hazırki meri cənab David Lisnarda öz dərin minnətdarlığımı çatdırıram.
Əziz qonaqlar, sonda bir daha sizin ölkənizə olan öz hörmətimi və məhəbbətimi çatdırıram və hamınıza xoş axşam arzulayıram. İndi isə sizi sərgi ilə tanış olmağa dəvət edirəm.
X X X
Fransa Milli Assambleyasının üzvü, Azərbaycanın Dostları Assosiasiyasının sədri Jan-Fransua Monselin çıxışından sonra sərgi ilə tanışlıq olub.
Bir neçə sərgini özündə birləşdirən “Azərbaycan: ənənələrin və gələcəyin ölkəsi” sərgisinin təşkilində məqsəd xaricdə Azərbaycanın qədim və zəngin tarixini, mədəniyyətini təbliğ etməkdir.
Sərgidəki bölmələrdən birində rəssamlar Xalidə Səfərova və Kamil Nəcəfzadənin əsərləri təqdim olunur. 50-dən çox rəsm əsərinin toplandığı ekspozisiya Fransaya həsr edilib. “Fransa Azərbaycan rəssamlarının gözü ilə” adlı bölmədəki əsərlərdə bu ölkə, onun regionları və paytaxtı təsvir olunub.
Sərgidə Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətləri, yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi də təqdim olunur.
Azərbaycan mədəniyyəti günləri çərçivəsində Kann şəhərinin sakinləri və qonaqlar Azərbaycana aid qədim misgərlik nümunələrilə də tanış olmaq imkanı qazanıblar. Onlara Azərbaycanın milli geyimləri, milli musiqi alətləri, arxeoloji qazıntılar zamanı tapılan keramika nümunələri də təqdim olunub.
Sərgidə Nizami Gəncəvinin 850 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə təşkil etdiyi sərgilərin davamı olan ayrıca bölmə yaradılıb.
Kannda Heydər Əliyev Fondunun Azərbaycanın və onun mədəniyyətinin təbliğinə xidmət edən kitab, buklet və digər nəşrləri də sərgilənir.
Sonra Kannın Festivallar sarayında xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə Qara Qarayev adına Dövlət kamera orkestrinin konserti olub.
Sərgi iyulun 31-dək davam edəcək.