Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Moskvadakı “Swissotel” otelin konfrans zalında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin “RAGB: dialoq və fəaliyyət” mövzusunda V konfransı keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva tədbirdə iştirak edib.
Foruma Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Ümumrusiya Azərbaycanlılar Konqresinin prezidenti Məmməd Əliyev, Rusiya Dövlət Dumasının, Rusiya Federasiya Şurasının, Moskva hökumətinin nümayəndələri, Rusiyanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr digər şəxslər də qatılıblar.
Zalın foyesində RAGB-nin fəaliyyətinə, ətraf mühitin qorunması üzrə IDEA kampaniyasına, “Bakı-2015” Birinci Avropa Oyunlarına həsr edilmiş fotosərgi təşkil olunub, Heydər Əliyev Fondunun nəşrləri sərgilənib.
Tədbir RAGB-nin fəaliyyəti haqqında sənədli filmin nümayişi ilə başlayıb.
Leyla Əliyeva konfransda çıxış edib: “RAGB-nin yaradılmasından yeddi il keçib. Bu gün biz inamla deyə bilərik ki, təşkilatımız formalaşıb və öz qarşısına qoyduğu vəzifəyə nail olub. Lap əvvəldən bizim məqsədimiz azərbaycanlı gəncləri birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək etmək, bütün planlarını, ideyalarını dəstəkləmək, təhsildə yardım göstərmək və bizim – Rusiyada yaşayan azərbaycanlı gənclərin ölkəmizin zəngin mədəniyyətini, qədim tarixini və ənənələrini ləyaqətlə təmsil edə bilməyimiz üçün nə lazımdırsa etmək idi. Rusiyanın bir sıra ali məktəblərində Azərbaycan gənclərinin qrupları fəaliyyət göstərir. Mən bizim regional bölmələrin fəallığını, onların səylərini xüsusi qeyd etmək istərdim. Bilirəm ki, çoxunuz bu gün bu konfransda iştirak etmək üçün uzun yol qət edib buraya gəlmisiniz. Hamınızı görməyə çox şadam və buna görə sizə təşəkkür edirəm”.
Leyla Əliyeva təşkilatın fəaliyyətinin yekunlarından da söhbət açıb. Onun sözlərinə görə, RAGB hər il olduğu kimi, yenə Heydər Əliyev kuboku uğrunda mini-futbol üzrə çempionat, şahmat turniri, “Nə? Harada? Nə vaxt?” intellektual oyunu, “Qanın milləti yoxdur” adlı illik təmənnasız qanvermə aksiyası, tibbi profilli ali məktəblərin tələbələrinə və həkimlərə təcrübə mübadiləsi aparmaq imkanı verən böyük tibbi forum kimi aksiyalar, Lipetsk, Saratov, Kaluqa və digər şəhərlərdə tədbirlər keçirməkdə davam edir. Təşkilatın üzvləri “Etnomir” mədəniyyət və təhsil mərkəzində keçirilən festivalda, habelə Həştərxanda mini-futbol üzrə “Xalqlar dostluğu” çempionatında iştirak ediblər. RAGB bu tədbirin də təşəbbüskarlarından və təşkilatçılarından biri olub. Azərbaycan gəncləri Rusiyada uşaq evlərinə, internatlara, qocalar evlərinə mütəmadi olaraq baş çəkirlər. RAGB ekologiya və ətraf mühitin qorunması problemlərinə də böyük diqqət yetirir.
“Azərbaycanın heyrətamiz, gözəl və zəngin təbiəti var. Dünyadakı 11 iqlim qurşağından 9-u Azərbaycanda mövcuddur. Ölkəmizdə 11 qoruq, 9 milli park yaradılıb. Şahdağ milli parkı Cənubi Qafqazda ən böyük parkdır. Üç il bundan əvvəl ətraf mühitin qorunması üzrə IDEA kampaniyası başlanıb. Bu kampaniyanın məqsədi Azərbaycanın və bütün dünyanın gənclərini planetimizi və təbiətimizi qorumağa cəlb etməkdir. IDEA layihəsinin mövcud olduğu dövrdə böyük işlər görülüb. Biz konfranslar, seminarlar, forumlar, sərgilər təşkil edir, məktəblərdə və universitetlərdə ustad dərsləri keçirir, kitablar, jurnallar nəşr edir, filmlər çəkirik. İDEA layihəsinin əsas istiqamətlərdən biri nəsli kəsilmək təhlükəsi olan heyvanların qorunmasıdır. May ayında Azərbaycanda pişikkimilərin, Qafqaz bəbirinin qorunmasına həsr edilmiş böyük konfrans keçirildi. Bu konfransa çoxsaylı beynəlxalq təşkilatların ekspertləri gəlmişdi. Tədbirdə Soçidən olan mütəxəssislər də iştirak edirdi. Bizimlə əməkdaşlıq etdiklərinə və öz təcrübələrini bölüşdüklərinə görə onlara təşəkkür edirəm”, - deyə Leyla Əliyeva qeyd edib.
RAGB sədri artıq neçə ildir ki, təşkilatın dəvəti ilə rusiyalı tələbələrin Azərbaycana səfərlər etdiyini, Azərbaycanın milli mədəniyyəti, adət və ənənələrilə tanış olduqlarını xatırladıb. Leyla Əliyeva Rusiya ilə Azərbaycanı tarixən bir-birinə bağlayan amillərin çox olduğunu söyləyib: “Bizim ümumi tariximiz, müştərək mədəniyyətimiz, ortaq bayramlarımız və ən başlıcası – səmimi insani münasibətlərimiz var. Mənim fikrimcə, səmimi, təmiz insani münasibətlər ən başlıca məsələdir. Azərbaycanda müxtəlif millətlərə, dinlərə, mədəniyyətlərə mənsub insanlar həmişə sülh və həmrəylik şəraitində yaşayıblar. Tolerantlıq bizim üçün nailiyyət deyil, həyat tərzimiz, həyat normamızdır. Çoxları bilmir ki, hələ 1918-ci ildə Azərbaycanda qadınlar səsvermə hüququ qazanmışlar. Müsəlman Şərqində ilk opera və balet Azərbaycanda yaradılmış, müsəlman qızlar üçün ilk məktəb Azərbaycanda açılmışdır.
Azərbaycanda rus ədəbiyyatına, mədəniyyətinə və incəsənətinə həmişə böyük məhəbbət bəslənib. Bu gün ölkəmizin məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə qorunub saxlanıb, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Bakı Slavyan Universiteti, Lomonosov adına Moskva Dövlət Universitetinin filialı fəaliyyət göstərir. Ölkəmizdə 16 mindən çox adam rus dilində ali təhsil alır. Cənubi Qafqazda ən böyük rus diasporu bizdədir”.
Leyla Əliyeva Azərbaycanın müstəqilliyinin bərpasından cəmi 23 il keçməsinə baxmayaraq, bu gün güclü, suveren və müstəqil dövlət olduğunu səyləyib: “Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub. Son illərdə ölkə iqtisadiyyatının həcmi bir neçə dəfə artıb. Hazırda Azərbaycan postsovet ölkələri arasında bu göstərici üzrə birinci yeri tutur. Əlbəttə, bu, bizim dövlətin idmana, elmə, təhsilə, tibbə, mədəniyyətə daha çox diqqət yetirməsinə imkan verir. Bu gün Azərbaycan beynəlxalq forumların və konfransların keçirildiyi arenadır. Gələn il Bakıda tarixdə ilk dəfə Avropa Oyunları keçiriləcək, 2016-cı ildə isə biz şahmat olimpiadası keçirəcəyik.
Bütün uğurlarımıza və nailiyyətlərimizə baxmayaraq, biz unutmamalıyıq ki, ərazimizin 20 faizi işğal altındadır, ölkədə 1 milyondan çox qaçqın və məcburi köçkün var. Artıq neçə ildir ki, beynəlxalq “Xocalıya ədalət!” kampaniyası həm Rusiyada, həm də dünyanın bir sıra ölkələrində bu dəhşətli faciə ilə bağlı tədbirlər keçirir. Biz ümid edirik ki, tezliklə Rusiyada və digər ölkələrdə bu dəhşətli faciəyə hüquqi və siyasi qiymət veriləcək, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, bütün qaçqınlar və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıda biləcəklər. İnanıram ki, əgər biz – Rusiyada yaşayan Azərbaycan gəncləri əlbir olsaq, bir-birimizi dəstəkləsək, bir-birimizi dinləsək, bir-birimizə kömək etsək, onda bütün çətinlikləri dəf edə bilərik, həmişə başımızı uca tutarıq. RAGB Rusiya Federasiyası İctimai Palatasının Gənclər və Uşaq Birliklərinin Milli Şurasında təmsil olunub. Bu isə o deməkdir ki, münasibətlərimiz daha möhkəm, səsimiz daha güclü olacaq”.
Leyla Əliyeva RAGB-nin yeni layihə həyata keçirdiyini də söyləyib – yaradılmış xüsusi informasiya portalında “RAGB radiosu” və RAGB televiziyası” fəaliyyət göstərəcək. “Bu, gənclərimizə həm Azərbaycanda və Rusiyada baş verən yenilikləri izləmək, həm də müvafiq layihələrdə iştirak etmək, jurnalist qabiliyyətlərini inkişaf etdirmək imkanı verəcək”, - deyə RAGB sədri qeyd edib: “Deyirlər, gəncliyin xüsusi enerjisi var. O, işıq və xeyirxahlıq bəxş edir. Gəlin, bu enerjini birlikdə bölüşək, ətraf aləmi daha yaxşı, ölkələrimizi daha möhkəm, daha güclü, daha maraqlı edək”.
Forumda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Gənclər və idman nazirinin müavini İntiqam Babayev, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) prezidenti Məmməd Əliyev, Rusiya Dövlət Dumasının milli məsələlər üzrə komitəsi sədrinin birinci müavini Mixail Starşinov, Rusiya Federasiya Şurasının üzvü İqor Morozov, Moskva Şəhər Mədəniyyət Departamenti rəhbərinin müavini Vladimir Filippov və təşkilatın fəalları da çıxış ediblər.
RAGB idarə heyətinin üzvü Emin Hacıyevin təşkilatın fəaliyyəti haqqında foto-hesabatla çıxış etməsindən sonra Leyla Əliyeva əlaçı tələbələrə və təşkilatın fəallarına sertifikatlar və diplomlar təqdim edib.
Rəsmi hissədən sonra konfrans işini “Qafqazda bioloji müxtəlifliyin bərpası üzrə beynəlxalq əməkdaşlıq: nailiyyətlər və imkanlar”, “Azərbaycan bu gün”, “Azərbaycan səhiyyəsi islahatlar yolunda” və “Bakı- 2015” seksiyalarında davam etdirib.
Konfrans iştirakçılarına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış kitablar və disklər hədiyyə olunub.
Konfrans Azərbaycanın və Rusiyanın estrada ulduzlarının iştirakı ilə qala-konsertlə başa çatıb.