Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Rusiyanın ən nüfuzlu ali məktəblərindən biri - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu (Universiteti) (MDBMİ) 70 illik yubileyini qeyd edir. Bununla əlaqədar, Moskvada MDBMİ məzunlarının II Beynəlxalq Forumu keçirilib. Universitetin yubileyinə həsr olunmuş tədbirdə dünyanın 50-dən çox ölkəsindən mindən yuxarı məzun – tanınmış dövlət və ictimai xadimlər, görkəmli iş adamları, akademik dairələrin nümayəndələri bir araya gəliblər. MDBMİ-nin görkəmli məzunlarından biri də Azərbaycan Prezidenti İlham Əliyevdir.
Oktyabrın 14-də Kreml Sarayında bu adlı-sanlı ali məktəbin yubileyi münasibətilə konsert olub.
Heydər Əliyev Fondunun vitse-prezidenti, MDBMİ-nin Azərbaycan Məzunları Assosiasiyasının sədri Leyla Əliyeva tədbirdə iştirak edib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın MDBMİ məzunlarından ibarət mötəbər nümayəndə heyəti də Kreml Sarayında olub.
Təbrik nitqi ilə Forum iştirakçılarına müraciət edən Rusiya Prezidenti Vladimir Putin vurğulayıb ki, dünyada münaqişə potensialının artdığı, köhnə ziddiyyətlərin kəskinləşdiyi, yeni böhranların yarandığı bir vaxtda MDBMİ məzunları bu ali təhsil ocağında öyrətdikləri kimi, öz işini mükəmməl bilərək, savadlı, səmərəli və ləyaqətlə fəaliyyət göstərirlər. Vladimir Putin deyib: “Siz fundamental və dərin biliklərə məhz universitet divarları arasında yiyələnmisiniz. Bu da ən mürəkkəb danışıqları səmərəli aparmağa və həmişə zirvədə olmağa imkan verir”.
Universitetin rektoru Anatoli Torkunov vurğulayıb ki, Forum 2013-cü ildə Bakıda başlanan ənənənin davamıdır. O vaxt Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə MDBMİ məzunlarının birinci Forumu keçirildi. Rektor Forum iştirakçılarına universitetin son illərdə qazandığı uğurlardan - yeni müasir tədris korpusunun açılmasından, yeni fakültə və kafedraların yaradılmasından, MDBMİ Məzunları Assosiasiyasının və İnkişaf Fondunun fəaliyyətinin modernləşdirilməsindən söz açıb. A.Torkunov deyib: “Hazırda MDBMİ universitet statusu daşıyır, onun məzunları isə təkcə diplomatiyada deyil, həm də humanitar elmlər, biznes, jurnalistika və hətta kəşfiyyat sahələrində müvəffəqiyyət qazanırlar. Moskvaya səfər edən xarici siyasətçilərin çoxu universitetdə çıxış etmək fürsətini əldən vermir. MDBMİ-də dünyanın hər hansı digər ali məktəbindən daha çox - 54 dil tədris olunur”.
Rəsmi hissədən sonra Rusiya və xarici estrada ulduzlarının iştirakı ilə qala-konsert olub. MDBMİ-nin yaradılması və inkişafı tarixini əks etdirən film nümayiş etdirilib.
Rusiya Federasiyası Federasiya Şurasının sədri Valentina Matviyenko, Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi və Rusiyanın digər tanınmış siyasi və ictimai xadimləri təntənəli gecənin qonaqları arasında olublar.