Leyla Əliyeva Azərbaycanın Xalq Rəssamı Rasim Babayevin sərgisinin açılışında iştirak edib

Video

Leyla Əliyeva Azərbaycanın Xalq Rəssamı Rasim Babayevin sərgisinin açılışında iştirak edib

Leyla Əliyeva Azərbaycanın Xalq Rəssamı Rasim Babayevin sərgisinin açılışında iştirak edib
29/10/2014

Oktyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sankt-Peterburqun Qoroxovaya küçəsindəki 6 nömrəli binaya vurulmuş barelyefi qarşısında ulu öndərin xatirəsini yad edib. 1949-1950-ci illərdə Heydər Əliyev bu binada yerləşən SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbində təhsil alıb.

Daha sonra Leyla Əliyeva Rus Muzeyinin mərmər sarayında Azərbaycanın Xalq Rəssamı Rasim Babayevin (1927-2007) sərgisinin açılış mərasiminə qatılıb.

Açılışdan əvvəl Leyla Əliyeva muzey rəhbərliyinin dəvəti ilə I Nikolayın nəvəsi, böyük knyaz Konstantin Romanovun Rus Muzeyindəki məzarını ziyarət edib.

Sərginin açılışında çıxış edən Leyla Əliyeva deyib: “Azərbaycan ilə Rusiyanı siyasi, iqtisadi və mədəni sahələrdə qədim və möhkəm dostluq telləri bağlayır. Azərbaycanda rus ədəbiyyatını, rus teatrını, rus kinosunu və əlbəttə, rus rəssamlıq sənətini çox sevirlər. Çox sevindirici haldır ki, Rusiyada da Azərbaycan incəsənətinə maraq göstərilir, bizim mədəniyyətimiz belə geniş və ləyaqətlə təmsil edilib. Rus Muzeyinin yaradılmasından təxminən 120 il keçir. Burada nadir sənət inciləri – Aleksandr İvanovun, Karl Brüllovun, Kazimir Maleviçin və Aleksandr Brodskinin əsərləri nümayiş etdirilir. Həmin əsərlərin bu muzeydə olması bu rəssamların nadir istedadına dəlalət edir. Bu gün biz sizə zəmanəmizin istedadlı və heyrət doğuran rəssamlarından birinin – Rasim Babayevin əsərlərini təqdim edirik. Rasim Babayevin işləri Rusiya, Fransa, ABŞ, Almaniya, Türkiyə və Finlandiyadakı qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır. Rasim Babayevin sağlığında ona Fransaya köçmək və orada işləmək təklif edilib. Lakin o, bu təklifi qəbul etməyib, çünki Azərbaycandan uzaqlarda yarada bilməzdi. Onun ilham mənbəyi Azərbaycan xalçalarının naxışları, Şəki saraylarının vitrajları, habelə xalq nağılları və rəvayətlər idi. Məhz bu səbəbdən onun işləri bu qədər parlaq, səmimi və nağılvaridir. Bir il bundan əvvəl Moskvadakı Şərq Muzeyində Rasim Babayevin sərgisi təşkil edilmişdi. Həmin sərginin çox uğurlu olması bir daha göstərir ki, həqiqi sənət üçün dini və ya milli sərhədlər yoxdur. Həqiqi sənət zamanın və məkanın fövqündədir, hamı üçün əlyetərlidir. Əminəm ki, dünyanın ən gözəl şəhərlərindən biri olan Sankt-Peterburqda açılan bu sərgi də böyük uğurla keçəcək və təsviri sənətin bütün həvəskarları üçün maraqlı olacaq”.

Leyla Əliyeva sərginin təşkilatçılarına təşəkkürünü bildirib və Rus Muzeyini Bakıda sərgi keçirməyə dəvət edib.

Tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Mərcani adına Elmi Və Mədəni Proqramların Dəstəklənməsi Və İnkişafı Fondunun prezidenti Rüstəm Süleymanov, Sankt-Peterburq hökumətinin xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev, Yerli özünüidarəetmə, millətlərarası və konfessiyalararası münasibətlər komitəsinin sədri Mixail Lebedinski də çıxış ediblər.

Sonra sərgi ilə tanışlıq olub. Noyabrın 24-dək davam edəcək ekspozisiyada rəssamın ailə toplusunda və Mərcani Fondunun kolleksiyasında saxlanan 80-ə yaxın rəngkarlıq və qrafika işləri nümayiş etdirilir.