Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonuna start verilib
05/11/2014

Noyabrın 5-də Heydər Əliyev Fondunun vitse-Prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma” marafonuna start verilib.

Marafonun əsas məqsədi yaşıllıq sahələrinin azalması ilə yarana biləcək təhlükələrin qarşısının alınması, ağac əkilməsini təşviq edərək, ətraf mühitin mühafizəsinə töhfə verilməsidir.

Layihəyə əsasən növbəti iki əkin mövsümündə (noyabr, həmçinin martın sonu-aprelin əvvəli) ağacların əkilməsi, mayın əvvəlində isə marafonun başa çatdırılması planlaşdırılır.

Marafon IDEA İctimai Birliyinin internet səhifəsində (www.ideacampaign.az) mütəmadi olaraq işıqlandırılacaq və onun gedişi zamanı müxtəlif şəhər və rayonlarda əkilən ağacların sayı, ünvanı, şəkilləri və digər məlumatlar saytda yerləşdiriləcək.

Layihədə Azərbaycanın 76 rayon və şəhər icra hakimiyyətinin iştirakı, ölkə ərazisində ümumilikdə bir milyondan artıq ağacın əkilməsi nəzərdə tutulur.