“BU GÜN BURADA...” rəsm sərgisi
10/11/2014

Noyabrın 25-də Londonun mərkəzində yerləşən “ The Old Sorting Office” İncəsənət Mərkəzində Beynəlxalq Təbiəti Müdafiə İttifaqının “Nadir və kökü kəsilməkdə olan növlərin Qırmızı kitabı”nın yaradılmasının 50-ci ildönümünə həsr olunmuş unikal sərgi açılacaq. “BU GÜN BURADA...” adlanan səriginin təşkilatçıları “Beynəlxalq Təbiəti Müdafiə İttifaqı (BTMİ) və “Baku” jurnalıdır. 

Sərginin kuratoru “Artwise” beynəlxalq qrupudur. Burada ayrı-ayrı rəssamların əsərlərinə həsr olunmuş interaktiv installyasiyalar və zallar təqdim olunacaqdır. Ekspozisiyaya dünyanın müxtəlif ölkələrindən geniş ifadə vasitələrindən istifadə edən dünya şöhrətli müəlliflərin əsərləri daxil ediləcəkdir. İncəsənət Mərkəzinin ziyarətçiləri heyvan və bitki növlərinin kökünün kəsilməsi, eləcədə ekoloji təhlükəsizlik problemlərinə Corc Kondo, Treysi Emin, Endi Uorxol, Gevin Turk, Piter Bleyk, “United Visual Artists” art kollektivinin, Duqlas Qordon, Stefani Kueyl, Qordon Çeun, Osvaldo Masiya, Culiana Opi, Mariko Mori, Karsten Holler, Diana Teyter və digər rəssamların gözü ilə baxa biləcəklər.

Adətən “Bu gün burada, sabah başqa yerdə” dedikdə, davamlı, təkrarlanacaq proseslər nəzərdə tutulur. “BU GÜN BURADA...” sərgisi isə planetimizdən – səslər, növlər, hətta ətirlərdən söhbət açır. Dünyanın hər yerindən olan rəssamlar birləşərək bütün bunları öz əsərlərində əks etdirməklə, bəşəriyyətin diqqətini hər birimizə aid olan qlobal promlemlərə cəlb etməyə çalışırlar.   

Sərgiyə gələnlər qeyri-adi səyahətə çıxacaq və nadir növlərinin kökünün kəsilməsi, insanın planetimizə təsiri barədə yeni məlumatlar əldə edəcəklər. Təşkilatçıların məqsədi ictimaiyyətin diqqətini ekosistemimizin zərifliyinə, lazımi tədbirlər görülməyəcəyi təqdirdə acınacaqlı sonluğun qaçılmaz olduğuna cəlb etmək, eləcədə BTMİ üçün vəsait toplamaqdır. 

Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan rasional istifadə sahəsində ən iri və nüfuzlu təşkilatlardan olan BTMİ-nin tərkibinə 1200 hökumət təşkilatı və ictimai təşkilat, habelə 160 ölkədən 11 minə yaxın könüllü ekspert daxildir. BTMİ mühüm ekoloji və qlobal inkişaf problemlərinin səmərəli həlli üçün ətraf mühitin mühafizəsinə dair biliklərin yayaılması sahəsində liderdir. BTMİ-nin “nadir və kökü kəsilməkdə olan növlərin Qırmızı kitab”ı yabanı təbiətin mühafizəsi, kökü kəsilməkdə olan müxtəlif bitki, göbələk və heyvan növləri ilə bağlı ən dəqiq informasiya mənbəyidir.

Sərgi həm də Londonun mərkəzində yerləşən incəsənət ocağındakı kafedə və eksklüziv suvenirlər mağazasında dostlarla görüşmək, görkəmli rəssamların, kuratorların və təbiəti mühafizə sahəsində ekspertlərin təşkil edəcəkləri müxtəlif ustad dərslərində və diskussiyalarda iştirak etmək üçün yaxşı fürsətdir.

Sərgi bu il noyabrın 25-dən dekabrın 17-dək Londonda fəaliyyət göstərəcək, sonra isə dünyanın rəssamlıq paytaxtlarını səyahət edəcək və nəhayət, Bakıda, memar Zahi Hədidinin layihəsi əsasında tikilmiş Heydər Əliyev Mərkəzində başa çatacaq.

http://heretoday.org