Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Noyabrın 24-də Londonda Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı Kitab”ının 50 illik yubileyinə həsr edilmiş “Bu gün burada” (“Here Today”) adlı sərginin açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak ediblər.
Açılış mərasimində çıxış edən Leyla Əliyeva bildirib ki, bu sərgi həyatı təhlükə altında olan bütün heyvan cinslərinin gözəlliyinin, onların vacibliyi və müdafiəsinin önəminin vurğulanması baxımından yaxşı üsuldur.
Ümumdünya Parklar Konqresinin toplantısında iştirak etmək üçün Avstraliyaya səfərini xatırladan Leyla Əliyeva gələcək nəsillərin təbiəti qorumasının vacibliyini bildirib, bu istiqamətdə Azərbaycanda həyata keçirilən işlərdən danışıb: “Azərbaycanda biz gəncləri ətraf mühitin mühafizəsi istiqamətində maarifləndiririk. Azərbaycan qədim ənənələrə və zəngin tarixə malik olan ölkədir. Şərqlə Qərbin ayrıcında yerləşən ölkəmizdə şərqin müdrikliyi, qərbin tərəqqisi var. Ötən müddətdə Azərbaycan tarixi İpək Yolunda əsas bir mərkəzə çevrilib. Azərbaycanın tolerantlıq, dialoq və yeni fikirlər ölkəsinə çevrilməsinin mədəniyyətimizin inkişafına böyük təsiri olub. Avropa, Asiya və Orta Şərq arasında nadir coğrafi mövqe gözəl landşaftlar yaratmaqla təkcə mədəniyyətimizə yox, həm də təbiətimizə təsir edib. Azərbaycan qarlı dağlar, göllər, çaylar, sıx meşələr, ovalıqlar və çəmənliklər ölkəsidir. Dünyada mövcud olan iqlim qurşağından doqquzu Azərbaycanda var və bu çox zəngin biomüxtəliflik yaradır. Buna görə üç il bundan əvvəl biz Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq üçün İctimai Birlik - IDEA-nı yaratdıq. Hələ qət edəcəyimiz yolun əvvəlində olmağımıza baxmayaraq, biz artıq bir çox layihələr həyata keçirmiş və müsbət nəticələr əldə etmişik. Bizim bəzi layihələrimizə Azərbaycanda yaşayan 3 milyon gənci təmsil etmək məqsədilə 3 milyon ağacın əkilməsi, çöl ceyranının vəhşi təbiətə buraxılması və 8 mindən artıq uşağın ətraf mühiti qorumaq üçün maarifləndirilməsi kimi işlər daxildir. Biz, həmçinin öz məşhur beşliyimizi müəyyən etmişik. Bu, qonur ayı, boz qurd, qartal, ceyran və Qafqaz bəbiridir”.
Leyla Əliyeva Azərbaycanda Qafqaz biomüxtəlifliyi sammitinin keçirildiyini, ölkəmizin Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin üzvü olduğunu xatırladıb. O bildirib ki, hazırda Qafqaz bəbirinin məhv olmaq təhlükəsindən qurtarılması və Avropaya geri qaytarılmasını təmin etmək üçün Dünya Vəhşi Təbiəti Mühafizə Fondu, Pantera təşkilatı və bu sahədə fəaliyyət göstərən digər təşkilatlarla sıx işlər aparılır.
Leyla Əliyeva sərginin ərsəyə gəlməsində əməyi olanlara minnətdarlığını bildirib, təbiəti qorumağın vacibliyini bir daha qeyd edib.
Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı Kitab”ının 50 illik yubileyinə həsr edilmiş tədbirin yüksək səviyyədə keçdiyini vurğulayan qurumun baş direktoru Culian Marton Lefevre bu günkü tədbirin onun üçün əlamətdar olduğunu diqqətə çatdırıb. “Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və dünyada maraqlı layihələri ilə tanınan IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın tədbirdə iştirakı sərgini daha da maraqlı edib” – deyən baş direktor IDEA-nın layihələri haqda məlumatlı olduğunu, bu layihələrin dünyada gedən ekoloji maarifləndirmə işlərinə töhfə verdiyini bildirib.
Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin və “Baku” jurnalının dəstəyi ilə baş tutan sərgiyə qatılmış London sənətsevərlərinə müasir incəsənətin müxtəlif istiqamətlərini təmsil edən əsərlər təqdim olunub. Sərgidə müxtəlif ölkələrin müasir incəsənət nümayəndələri ilə yanaşı, Azərbaycan rəssamları da təmsil olunurlar. Leyla Əliyeva, Aida Mahmudova, Fərid Rəsulov, Rəşad Ələkbərov sərgiyə maraqlı kompozisiyaları ilə qatılıblar. Bundan əlavə, sərgidə Corc Kondo, Teysi Emin, Endi Varol, Qavin Turk, Piter Bleyk, Duqlas Qordon, Stefani Kveyle və müasir incəsənətin digər tanınmış nümayəndələrinin nəsli kəsilməkdə olan flora və fauna növlərini əks etdirən əsərləri nümayiş etdirilir. Sərginin keçirilməsində məqsəd ekosistemin və onun mühafizəsinin əhəmiyyəti barədə ictimai maarifləndirmə aparmaq və bu istiqamətdə sosial məsuliyyəti gücləndirməkdir.
Dünyanın ən böyük və ən qədim təbiətin mühafizə təşkilatı olan Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyə 160 ölkədən 1200 hökumət və qeyri-hökumət təşkilatı daxildir. Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyin “Qırmızı Kitab”ı vəhşi təbiətin, eləcə də təhlükə altında olan növlərin qlobal mühafizəsi üzrə ən əhatəli məlumat toplusu hesab edilir.
Sərgi dekabrın 17-dək davam edəcək.