Dünya Vəhşi Təbiət Fondu (WWF) IDEA İctimai Birliyinə Beynəlxalq “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi ölkə koordinatoru statusunu verib.
“Yer saatı” kampaniyasına ilk dəfə Dünya Vəhşi Təbiət Fondu tərəfindən 2007-ci ildə Avstraliyada başlanılıb. Kampaniyanın məqsədi ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaradacağı fəsadlara yönəltməkdir.
“Yer saatı” aksiyaları zamanı böyük şəhərlərdəki məhşur binaların fasad işıqları yerli vaxtla saat 20:30-da bir saatlıq söndürülür və bu rəmzi hərəkətlə enerjiyə qənaət olunması təşviq edilir.
Hər il martın son şənbə günü qeyd olunan “Yer saatı” kampaniyasına beynəlxalq ictmaiyyət tərəfindən diqqətin artması müşahidə olunur. 2014-cü ildə dünyanın 162 ölkəsinin 7000-dən çox şəhəri və bir milyarda yaxın insan bu kampaniyaya qoşulub.
Beləliklə, IDEA İctimai Birliyi “Yer saatı” kampaniyasının Azərbaycan üzrə rəsmi ölkə koordinatoru qismində ölkədə kütləvi aksiya və tədbirlər keçirmək hüququ əldə edib.
IDEA 2015-ci ilin 28 mart tarixində Bakı şəhərində keçiriləcək “Yer saatı” kampaniyasında iştirak etmək istəyən dövlət və özəl təşkilatları, eləcə də fiziki şəxsləri İctimai Birliklə əlaqə saxlamağa dəvət edir ([email protected], tel. 497-6316).