Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi əlil uşaqlar üçün geniş xeyriyyə tədbiri keçirib

Video

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi əlil uşaqlar üçün geniş xeyriyyə tədbiri keçirib

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi əlil uşaqlar üçün geniş xeyriyyə tədbiri keçirib
11/02/2008

Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi Rusiya Azərbaycan Gəncləri Təşkilatının (RAGT) və “Zəif eşidənlər dünyası” adlı Rusiya ictimai gənclər təşkilatının iştirakı ilə Moskvada əlil uşaqlar üçün geniş xeyriyyə tədbiri keçirib. Tədbirə fiziki qüsurları olan 300-dən çox uşaq və onların ailə üzvləri dəvət edilmişdi.

Maraqlı konsert proqramı ilə müşayiət olunan, “Biz həyatı sevirik” devizi altında keçirilmiş xeyriyyə aksiyasında Rusiya ictimaiyyətinin nümayəndələri, parlament üzvləri, mədəniyyət və incəsənət xadimləri, Rusiyadakı Azərbaycan diasporunun və müxtəlif milli diasporların nümayəndələri iştirak edirdilər.

Aksiyanın təşəbbüsçüsü və təşkilatçısı, Heydər Əliyev Fondunun RF-dəki nümayəndəliyinin rəhbəri Leyla Əliyeva təbrik sözü söyləyib. O bildirib ki, Heydər Əliyev Fondu Azərbaycanda sosial sahədə, təhsil və səhiyyə sahələrində geniş iş aparır, mədəniyyətin inkişafı və mədəni irsin qorunub saxlanması məsələlərinə, müasir məktəblərin tikintisinə, tarixi abidələrin bərpasına, kitab nəşrinə və başqa humanitar məsələlərə böyük diqqət yetirir: “Hazırda Heydər Əliyev Fondunun Rusiyada da nümayəndəliyi var və mən inanıram ki, biz əlbir olaraq çoxsaylı bu cür tədbirlər keçirəcək, xeyirxah işlər görəcəyik”.

Fondun Rusiyadakı nümayəndəliyinin bayram ab-havası yaratmaq üçün lazım olan hər şeyi etməyə çalışdığını bildirən Leyla Əliyeva fikrini bu cür davam etdirib: “Mən bu salonda çoxlu gözəl, şən və ilhamlı uşaqlar görürəm. Arzu edirəm ki, onlar həmişə belə həyatsevər və mərd olsunlar. Biz də öz tərəfimizdən mümkün olan hər şeyi edəcəyik ki, Rusiya torpağında sizin arzularınız reallığa çevrilsin”.

RF Federasiya Şurasının sədrinin müşaviri, “Uşaqlar və gənclər bu gün” Fondunun Prezidenti Aleksandr Kunşin Moskvada Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən konsertin təşkilini xoşagələn hal kimi qiymətləndirib: “Bu, onu göstərir ki, dostlarımız bizə dost əli uzadıb. Bu, çox vacib məsələdir”.

A.Kunşin Federasiya Şurasının sədri Sergey Mironovun təbrik məktubunu oxuyub. Məktubda əlil uşaqlara kömək göstərməyə yönəlmiş xeyriyyəçilik fəaliyyətinə görə, bu uşaqlara həyatın sevincini hiss etmək imkanı verdiklərinə, onlara xoş ümidlər bəxş etdiklərinə görə şəxsən Leyla Əliyevaya və Heydər Əliyev Fonduna dərin minnətdarlıq hissləri ifadə olunur. Məktubda deyilir ki, Heydər Əliyev Fondu rusiyalıları çoxillik dostluq və mehriban qonşuluq münasibətləri ilə bağlı olduğu Azərbaycan xalqının ənənələri və mədəniyyət sahəsindəki uğurları ilə tanış etməklə xeyirxah iş görür.

RF Dövlət Dumasının Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Natalya Karpoviç xeyriyyə aksiyasının təşkilatçılarına təşəkkürünü bildirərək deyib: “Heydər Əliyev Fondu çox böyük və bizim hamımız üçün yaxşı işlər görür. Belə tədbirlər həm fiziki qüsurları olan insanları, həm də dolğun həyat sürənləri birləşdirir. Bu isə çox vacibdir. Bu aksiya bizim bir-birimizə daha yaxın olmağımıza, bu salondakı uşaqlardan hər birinin faciəsini başa düşməyə və onu öz faciəmiz kimi qəbul etməyimizə kömək edir. Bu da çox vacibdir ki, bu tədbir həmin uşaqların böyük ölkəmizin tamdəyərli vətəndaşları olduqlarını başa düşməsinə imkan verir”.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu fiziki qüsurları olan uşaqlar üçün bu bayramın təşkil edilməsinə görə Heydər Əliyev Fonduna və onun Rusiya nümayəndəliyinin rəhbərinə minnətdarlığını bildirib. Onun dediyinə görə, bu konsertin “Bakı” kinoteatrında təşkili də rəmzi məna daşıyır - uşaqlar biləcəklər ki, onları təkcə öz ölkələrində deyil, özlərini Rusiyanın dostu hesab edən başqa ölkələrdə də sevirlər, qayğılarına qalırlar.

Bayrama qonaq kimi dəvət edilmiş məşhur rusiyalı rəqqas, Böyük Teatrın solisti, Maris Liyepa adına Xeyriyyə Fondunun idarə heyətinin sədri Andris Liyepa müştərək xeyriyyə layihələrinin əhəmiyyəti barədə danışəb. O bildirib ki, rəqs dili zəif görən və zəif eşidən uşaqların öz hisslərini daha tam ifadə etmələrinə kömək edə bilər.

Aksiya çərçivəsində gözəl konsert proqramı təqdim olunub. Konsertdə Rusiyada və Azərbaycanda yaşayan əlil uşaqlar, “Ümid mələkləri” rəqs kollektivi və tanınmış artistlər çıxış ediblər. Rus xalq rəqslərini, milli “Qarabağ” rəqsini, əsgər rəqsini, populyar estrada artistlərinin mahnılarını, Moskva Humanitar-Sosial İnstitutunu təmsil edən, paralimpiya oyunları çempionları olmuş qılıncoynadanların idman nömrələri vəəlil uşaqların ifasında başqa nadir kompozisiyalar böyük maraqla qarşılanıb. Konsertdə tanınmış rusiyalı müğənni Diana Qurtskaya və Qnesinlər adına Musiqi Məktəbinin tələbəsi Sabir Əhmədov da çıxış ediblər.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva KİV nümayəndələrinə müsahibəsində Moskvada keçirilmiş aksiyanın əhəmiyyətini vurğulayaraq deyib: “Fond Rusiya paytaxtında ilk dəfədir ki, bu cür geniş xeyriyyə tədbiri keçirir. Bu cür aksiyalar çox vacibdir. Fond Azərbaycanda buna oxşar tədbirləri çox keçirmişdir. Fondun Rusiya nümayəndəliyi də müxtəlif tədbirlər keçirmiş, məktəblərə, internatlara baş çəkmişdir, lakin hamının bir yerə yığılması birinci dəfədir və güman edirəm ki, bu, bizim axırıncı xeyriyyə aksiyamız olmayacaqdır. Fondun Rusiyadakı nümayəndəliyi cəmi yarım ildir ki, Moskvada fəaliyyət göstərir. Bunlar hələ yalnız başlanğıcdır. Heç şübhəsiz, gələcəkdə bu cür tədbirlərin sayı qat-qat çox olacaq, çünki onlar çox əhəmiyyətlidir. Mən indicə konsertdən çıxmışam, hisslərim aşıb-daşır. Uşaqları öz yanında görəndə, onların sevinməsini, çöhrələrindən nur yağmasını görəndə başa düşürsən ki, bütün başqa məsələlərin əhəmiyyəti azdır. Əsas məsələ budur ki, uşaqlar görsünlər ki, onları xatırlayırlar, sevirlər və onlar da bütün başqa uşaqlar kimidirlər. Bu gün həmin uşaqlar bunu öz yaradıcılığı ilə sübut etdilər. Onların bəzi qüsurlarının olmasını hiss etmələrinə yol vermək olmaz, onlara ümid vermək, diqqət göstərmək lazımdır, çünki onlardan ötrü əsas məsələ maddi dəyərlər deyil, diqqətdir”.

Tədbirdə hər bir əlil uşağa Heydər Əliyev Fondu adından hədiyyələr verilib.

“Biz həyatı sevirik” devizi ilə keçirilən konsert müxtəlif xalqların bir-birinə yaxınlaşması və təkcəəlil uşaqlara münasibətdə deyil, mədəniyyətlərarası ünsiyyətə münasibətdə də stereotiplərin aradan qaldırılması yolunda növbəti addım olub. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi də öz fəaliyyətində məhz buna çalışır.