Moskvada “Mədəniyyətlərin dialoqu: sosial, siyasi və dəyər aspektləri” kitabı çapdan çıxıb. Kitab çapa Rusiya Elmlər Akademiyasının (REA) Fəlsəfə İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutu, Rusiya Kulturologiya İnstitutu, Rusiya Fəlsəfə Cəmiyyəti və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən hazırlanıb.
Kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunan “Mədəniyyətlərin dialoqu: sosial, siyasi və dəyər aspektləri” forumunun materialları əsasında hazırlanıb.
Kitaba müqəddiməni Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazıb. Müqəddimədə qeyd olunur ki, bu kitab Azərbaycan, Rusiya, Qazaxıstan və bir sıra digər ölkələrin alimlərinin mədəniyyətlərin dialoqu, qloballaşma dövründə onun çoxşaxəliliyi, dinamikası haqqında diskussiya və düşüncələrinin yekunudur: “Heydər Əliyev ölkənin uğurla inkişaf etməsi üçün beynəlxalq əməkdaşlığın zəruri olduğunu yaxşı başa düşür, Rusiya və digər keçmiş Sovet İttifaqı respublikaları ilə mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayırdı. O əmin idi ki, milli mədəniyyətin inkişafı onun dünya irsinin ən yaxşı xüsusiyyətlərini mənimsəmək bacarığı ilə sıx bağlıdır. Gözəl bilirdi ki, müxtəlif xalqların mədəniyyətlərində ümumbəşəri və qlobal problemlərin həllində dialoq və birləşmə imkanlarını müəyyən edən unikal tərkib hissəsi var. Məhz buna görə Azərbaycan bu gün də dünyanın ən tolerant ölkələrindən biri, müxtəlif din, dil və ənənələrə mənsub olan insanların öz evi saydığı məkan olaraq qalır”.
Müqəddimədə vurğulanır ki, Heydər Əliyevin dövlətçilik strategiyasına söykənmək ilk növbədə modernləşmə kursunu inamla reallaşdırmaq, habelə kommunikasiya vasitələrinin, şəhər və regionların inkişafını, əhalinin rifahının yüksəldilməsini nəzərdə tutan “Azərbaycan 2020” konsepsiyasını uğurla həyata keçirmək deməkdir. “Heydər Əliyev əmin idi ki, elmin inkişafı cəmiyyət üçün əhəmiyyətlidir. O, ömrü boyu bu əqidəyə sadiq qalıb, hesab edib ki, alimlər özünə xüsusi qayğıkeş münasibət tələb edən sosial təbəqədir. Ulu Öndərin xalqımızın misli-bərabəri olmayan başlıca sərvətinə - Azərbaycan Milli Elmlər Akademiyasına qayğıkeş münasibəti bu baxımdan nümunəvidir”, - deyə Leyla Əliyeva bildirir: “Bu gün Heydər Əliyev aramızda yoxdur, lakin onun işləri və ideyaları yaşayır. Bu il onilliyini qeyd edən Heydər Əliyev Fondu var. Fond Azərbaycan xalqının ümummilli liderinin bütün təşəbbüslərini davam etdirir, onları müvəffəqiyyətlə həyata keçirir”.
Fəlsəfə elmləri doktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin birinci vitse-prezidenti Aleksandr Çumakovun və Beynəlxalq Müstəqil Ekoloji-Siyasi Universiteti Akademiyasının Qloballaşma və Sabit İnkişaf İnstitutunun direktoru, professor Nizami Məmmədovun redaktəsi ilə çap olunan kitabda qlobal təfəkkür tərzinin formalaşdırılması, multikulturalizmin siyasi və hüquqi aspektləri, dünyanın müxtəlifliyi və universal dəyərlər mövzularında tanınmış alimlərin çıxışları toplanıb.