Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Dekabrın 22-də Heydər Əliyev Mərkəzində Mixail Lermontovun 200 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində görkəmli rus şairinin ədəbi-bədii yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.
Mehriban Əliyeva, Leyla Əliyeva, Arzu Əliyeva və “Lermontov irsi” Assosiasiyasının prezidenti Mixail Lermontov əvvəlcə şairin 200 illiyi ilə bağlı təşkil edilmiş sərgi ilə tanış olublar.
Leyla Əliyeva tədbirdə çıxış edib:
- Hörmətli qonaqlar, əziz dostlar!
İlk növbədə hamınızı Bakıda salamlamaq istəyirəm. Bu gün bizi sizinlə çox gözəl bir hadisə - Mixail Yuriyeviç Lermontovun anadan olmasının 200 illiyi birləşdirir. Mən bilirəm ki, bu tarix bir çox ölkələrdə qeyd olunur, çünki Lermontovun dühası bütün bəşəriyyətə məxsusdur.
Onun yaradıcılığı dünya mədəniyyətinə böyük töhfə verib və bütün xalqların ürəyinə yatıb. Onu həm Qərbdə, həm də Şərqdə sevirlər. Lermontovun poeziyası həm parlaq vətəndaşlıq mövqeyi, həm dərin fəlsəfə, həm də incə məhəbbət lirikasıdır. Hamıya məlumdur ki, Lermontov əsərlərinin çoxunu Qafqazda sürgündə olarkən yazıb. Qafqaz dağlarının, meşələrinin və çaylarının parlaq rəngləri onu bir rəssam və şair kimi çox ruhlandırıb. O, öz əsərlərini yerli adət-ənənələrin koloriti ilə zənginləşdirib. Hətta onun qəhrəmanlarının çoxu Azərbaycan, Gürcüstan, Çeçenistan və Dağıstanın həqiqi sakinləri olub. O, həm də bizə mədəni müxtəlifliyin nə dərəcədə əhəmiyyətli olduğunu göstərib.
Azərbaycanda böyük rus mədəniyyətinə və ədəbiyyatına həmişə dərin məhəbbət və ehtiramla yanaşıblar. Bu günün özündə ölkəmizin məktəblərində rus dilinin öyrənilməsi tam həcmdə saxlanılıb, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi, Bakı Slavyan Universiteti fəaliyyət göstərir, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı mövcuddur. Əlbəttə, biz Lermontovun Azərbaycan dilini öyrənməsi ilə çox qürur duyuruq. Hətta onun özü qeyd edirdi ki, fransız dili Avropa üçün əhəmiyyətli olduğu qədər Azərbaycan dili də Asiya üçün əhəmiyyətlidir.
Böyük maarifçi, filosof və Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadə Lermontovun müəllimi olub. Onları həm mehriban və səmimi dostluq, həm də böyük Puşkinin istedadına hədsiz məhəbbət və ehtiram hissi bağlayıb. Zənnimcə, bu, Azərbaycan ilə Rusiyanı birləşdirən köklərin nə qədər qədim və dərin olduğunu bir daha vurğulayır. Həmişə olduğu kimi, bu gün də Azərbaycanda Lermontovu çox sevirlər. Bakıda mərkəzi küçələrdən biri onun adını daşıyır, Qusar şəhərində isə Lermontov muzeyi fəaliyyət göstərir. Bu, şairin qaldığı həmin evdir.
Əziz dostlar, bu gün biz Mixail Yuriyeviç Lermontovun anadan olmasının 200 illiyini qeyd edirik. Şəxsən mənim üçün o, daim yaşayır. O, bütün dünyada insanların qəlbində yaşayır. O, yaşlıların və uşaqların ürəyində yaşayır. Siz artıq Azərbaycanın ən gənc rəssamlarının hazırladığı gözəl sərgi ilə tanış olmuşsunuz. Bu gün şairin yubileyini qeyd edən Azərbaycan ona ehtiramını nümayiş etdirir, məhəbbətini bəxş edir.
Diqqətinizə görə hamınıza təşəkkür edirəm və hamınıza gözəl gecə arzulayıram. Sağ olun.
X X X
Sonra çıxış edən Mixail Lermontov şairin yaddaqalan əsərlərinin Qafqazda ərsəyə gəldiyini deyib, Azərbaycanda şairin yaradıcılığına bəslənilən hörmətdən məmnunluğunu ifadə edib. O, tədbirin təşəbbüskarları və təşkilatçılarına minnətdarlığını bildirib.
Daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin, Azərbaycan Dövlət xor kapellasının müşayiəti ilə Azərbaycan və Rusiyanın mədəniyyət, incəsənət xadimlərinin ifasında şairin yaradıcılığı ilə bağlı əsərlər, filmlərdən fraqmentlər və şeirlər səsləndirilib. Tədbirin sonunda Lermontovun “Mələk” əsərinin dünya premyerası olub.
Sonda Mehriban Əliyeva tədbirdə iştirak edən tanınmış incəsənət xadimləri Pyer Şeremetyev, Huquet Şeremetyeva və Kolett Tolstoyla görüşüb. Qonaqlar Mehriban Əliyevaya Lermontovun 200 illik yubileyi ilə bağlı tədbirlərin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.