Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Aprelin 6-da Türkiyə hökumətinin ev sahibliyi ilə İstanbulun Çırağan sarayında 100-dən çox ölkənin iştirakı ilə BMT-nin Sivilizasiyaların Alyansı təşəbbüsünün ikinci Dünya forumu öz işinə başlayıb.
Forumda ölkəmizi Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edir. Forumun işində BMT-nin baş katibi Pan Gi Mun, İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu, BMT-nin Sivilizasiyaların Alyansı üzrə yüksək təmsilçisi Jorje Sampayu, müxtəlif ölkələrin nazirləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər. Forum iştirakçıları arasında gənclərin nümayəndələri - İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyeva və Türkiyə Baş nazirinin qızı Sümeyra Ərdoğan da var.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan açılış nitqində Sivilizasiyaların Alyansının 2005-ci ildə onun ispaniyalı həmkarı ilə birgə təşəbbüsü və BMT-in himayədarlığı ilə təsis edildiyini xatırladıb, bu gün onun üzvlərinin sayının 100-ə çatdığını bildirib: “2008-ci ilin yanvarında Sivilizasiyaların Alyansı üzrə birinci forum Madrid şəhərində keçirilib. İkinci forumun keçirildiyi İstanbul sadəcə iki qitəni – Avropa və Asiyanı birləşdirməklə yanaşı, dünyadakı mədəniyyətləri və irqləri də uzlaşdıran bir şəhərdir. 2010-cu ildə dünyanın mədəniyyət paytaxtı kimi bütün dünyaya sülh diləkləri göndərir. Tarixin dərinliklərindən gələn düşmənçiliklərin aradan qadırılması çətin və uzun sürən proses olsa da, Türkiyə bu istiqamətdə səylərini davam etdirir”.
Sonra çıxış edən İspaniyanın Baş naziri Xose Luis Sapatero isə Sivilizasiyaların Alyansının xalqlar arasında xoş məram və qarşılıqlı hörmət platforması olduğunu söyləyib: “Ən yüksək məqsədə - bütün dünyada sülhə nail olmaq üçün gənclərə yönəlmiş və bütün dinlərin təmsilçilərinin yer aldığı layihələr həyata keçirilir. Keçən əsrdə baş vermiş iki dünya müharibəsi yeni əsrdə bəşəriyyətə dərs olmalı və XXI əsr sülh yüzilliyi olmalıdır”.
Forum iştirakçılarına müraciət edən BMT-nin baş katibi Pan Gi Mun bütün xalqların sabitlik, rifah və sülh şəraitində yaşamağı arzuladığını vurğulayıb: “Dünyada iqtisadi böhran davam edir və bir çox insanlar, işsiz, ac və kinlidir. Bu, çox təhlükəli olmaqla yanaşı, münaqişələrə də yol aça bilər. Sivilizasiyaların Alyansı vasitəsilə biz münaqişə qığılcımlarını alova çevrilmədən söndürə bilərik”.