Dekabrın 25-də Heydər Əliyev Mərkəzinin parkında “KÜKNAR” Beynəlxalq İncəsənət Sərgisinin rəsmi açılış mərasimi keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi ilə tanış olub.
Sərgidə Yeni ilin rəmzi olan küknar ağacları və oyuncaqları fərqli tərtibatda - müasir incəsənət üslubunda təqdim olunur. Parkda ümumilikdə 30 küknar nümayiş etdirilir. Onlardan 12-si bu sərgi üçün hazırlanmış yeni əsərlərdir. Müəlliflərdən 9-u yerli, 3-ü isə digər ölkələrin - Yaponiya, Sloveniya və Özbəkistan təmsilçiləridir. Sərgidə tanınmış rəssam, heykəltəraş və illüstratorlarla yanaşı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri də iştirak edirlər. Əsərlərdən biri isə IDEA İctimai Birliyinə aiddir.
Sərgidə, həmçinin 2013-cü ildə Heydər Əliyev Mərkəzinin həyata keçirdiyi “KÜKNAR” Beynəlxalq İncəsənət Sərgisi və müsabiqəsində iştirak etmiş 18 əsər nümayiş olunur.
Heydər Əliyev Mərkəzinin 2013-cü ildə Yeni il, 2014-cü ildə Novruz bayramları ərəfəsində təşkil etdiyi “KÜKNAR” və “SƏMƏNİ” layihələri mədəniyyət və müasir incəsənətin inkişafına töhfə vermək, adət-ənənələri yaşatmaq, eləcə də izləyicilərdə bayram ovqatı yaratmaq məqsədi daşıyır.
Sərginin rəsmi açılış mərasimində Mixail Lermontovun 200 illik yubileyi ilə bağlı keçirilən tədbirlərdə iştirak etmək üçün Azərbaycanda olan tanınmış incəsənət xadimləri Pyer Şeremetyev, Huquet Şeremetyeva və Kolett Tolstoya da iştirak ediblər.
Leyla Əliyeva Mərkəzin parkında istifadəyə verilmiş yeni kafe ilə də tanış olub.
Sonda xatirə şəkilləri çəkdirilib.