IDEA “Neft sənayesinin yaratdığı ekoloji problemlər və onların həlli yolları” mövzusunda seminar təşkil edib
12/02/2015

Fevralın 10-11-də IDEA İctimai Birliyinin Resurs Mərkəzində “Neft sənayesinin yaratdığı ekoloji problemlər və onların həlli yolları” mövzusunda seminar təşkil edilib.

Nəzəri və praktiki hissələrdən ibarət olan seminara ekologiya, neft-qaz mühəndisliyi və digər oxşar ixtisaslar üzrə təhsil alan və ya bu sahələrdə çalışan 40-a yaxın gənc qatılıb.

Seminarın nəzəri hissəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin mütəxəssisi neft sənayesinin yaratdığı ekoloji problemlər və onların aradan qaldırılması yolları, neft hasilatı sənayesində ekoloji standartlar, Azərbaycanın bu sahədəki zəngin təcrübəsi və beynəlxalq normalar barədə danışıb.

Praktiki hissə zamanı iştirakçılar ARDNŞ-nin (SOCAR) “Eko Parkını” ziyarət edib, Kompleks Tədqiqatlar Laboratoriyası ilə tanış olublar. Gənclər laboratoriyada istifadə olunan avadanlıqlar, onların təyinatı və iş prinsipi ilə tanış olub, dənizdən və qurudan götürülmüş nümunələrin analiz prosesini izləyib, mühazirə zamanı əldə etdikləri nəzəri bilikləri praktiki şəkildə sınaqdan keçirmək imkanı qazanıblar.