“Xocalıya ədalət!” kampaniyası çərçivəsində yeni kitab nəşr edilib
17/02/2015

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” adlı kitab çapdan çıxıb. Avropa Azərbaycan Cəmiyyəti tərəfindən Sankt-Peterburqda və İstanbulda çap olunmuş kitab rus və türk dillərindədir.

Bu toplu ilk dəfə ötən il ingilis dilində Londonun “İTHACA Press” nəşriyyatında çap edilmişdi.

Kitaba ön sözü Leyla Əliyeva yazıb: “...1992-ci il fevralın 25-dən 26-na keçən gecə müasir tarixin ən faciəli qətliamlarından biri baş vermişdir. Ermənistan silahlı qüvvələri keçmiş sovet qoşunlarının bölgənin mərkəzi Xankəndində dislokasiya edilmiş hərbi hissəsinin köməyi ilə Xocalı şəhərinin dinc azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə siyasəti həyata keçirmişdir. Bu hadisə dünya mediasının o zaman bölgədə olan bütün nümayəndələri və hadisədən xəbər tutan informasiya agentlikləri tərəfindən kütləvi qətliam kimi qiymətləndirilmişdir. Azərbaycan xalqı baş verənləri dərin kədər hissi ilə qarşılamış, qətliam qurbanlarını şərəflə dəfn etmiş, bu amansız faciədən xilas olanların yenidən həyata bağlanması üçün var qüvvəsini səfərbər etmişdir”.

“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a war crime. Armenia in the dock”) kitabı Xocalı soyqırımı haqqında Qərbdə ingilis dilində çap edilmiş ilk müstəqil nəşrdir. Kitabda Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolar yer alıb.