Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev adına İdman Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.
1990-cı ildə istifadəyə verilmiş binada indiyədək belə yüksək səviyyədə əsaslı təmir işləri aparılmamışdı. Təmir işləri zamanı binanın fasadı da tamamilə yenilənib. Tac şəkilli olan fasad xüsusi örtüklə üzlənmiş konstruksiyadan ibarətdir. Fasadı bədii tərtibatda işıqlandırmaq üçün müxtəlif rəngdə xüsusi lampalar və projektorlar quraşdırılıb, avtomat idarəetmə mərkəzi yaradılıb.
Əsaslı təmir işləri aparılarkən kompleksin mötəbər yarışların təşkilinə, o cümlədən birinci Avropa Oyunları zamanı beynəlxalq idman federasiyalarının tələblərinə cavab verməsi və funksionallığının daha da artırılması üçün bir sıra tədbirlər görülüb. Təmir işləri Avropa Olimpiya Komitəsi, “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi və aidiyyəti beynəlxalq federasiyaların tələbləri nəzərə alınmaqla yerinə yetirilib.
İdman Sarayının məşq zalı ən müasir səviyyədə qurulub. Burada püşkatma, dopinq yoxlama, tibb, hakimlər üçün istirahət, beynəlxalq federasiyaların işçi otaqları və kafe, yarış mərkəzi, 40 nəfərlik iclas zalı, 250 yerlik yeməkxana, mətbəx və digər köməkçi otaqlar var. Kompleksdə 200 yerlik mətbuat mərkəzi, jurnalistlər üçün kafe, 40 nəfərlik konfrans otağı, könüllülər üçün 350 nəfərlik zal və kafe də yaradılıb.
Əsas zal və korpuslardan ibarət olan İdman Sarayında birinci Avropa Oyunları zamanı yunan-Roma və sərbəst güləş, həmçinin cüdo və sambo üzrə yarışlarda qadınlar və kişilər qüvvələrini sınayacaqlar. Sarayın ümumi tamaşaçı tutumu təmirdən əvvəl 7587 nəfər idisə, indi bu rəqəm 7830-a çatdırılıb. Burada, eyni zamanda, VIP tamaşaçılar üçün 126, fiziki imkanları məhdud tamaşaçılar üçün isə 30 oturacaq quraşdırılıb. İdman obyektinin yarış zalları, mətbuat işçiləri üçün sahələr, yüksək səviyyəli qonaqlar üçün VIP otaqlar, yarışların gedişinin canlı teleyayımının təşkili mərkəzi ən müasir səviyyədə yaradılıb.
Ümumi sahəsi 54,8 min kvadratmetr olan binada aparılan əsaslı təmir işləri zamanı daxili kommunikasiya, havalandırma sistemləri yenidən qurulub, zalların döşəməsinə idman təyinatlı xüsusi örtük vurulub.
İdman qurğusunda təhlükəsizliyin təmin olunması məqsədilə müşahidə kameraları və zalların işıqlandırılması üçün 222 müasir projektor quraşdırılıb. Bina genişzolaqlı internet, müasir akustika sistemləri, avadanlığın davamlı işləməsini təmin edən transformator, UPS və generator elektrik sistemləri ilə təchiz edilib.