Leyla Əliyeva 56-cı “Venesiya Biennalesi” çərçivəsində Azərbaycan pavilyonunda iki sərginin açılışında iştirak edib
06/05/2015

Mayın 6-da 56-cı “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisi çərçivəsində Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) dəstəyi ilə Azərbaycan pavilyonunda iki sərginin açılışı olub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak edib.

“Venesiya Biennalesi” dünyanın çağdaş incəsənətində ən nüfuzlu və mötəbər sərgi-aksiya hesab olunur. Noyabrın 22-dək davam edəcək sərgidə onlarla ölkə öz pavilyonunu təqdim edir. Azərbaycan pavilyonu da şəhərin ən izdihamlı məkanlarından birində - “Kampo Santo Stefano”dakı XIV əsrə aid “Lezze” Sarayında yerləşir. Azərbaycan pavilyonunda təşkil olunan sərgi “Hüdudları aşaraq” adlanır. Bura gələn qonaqlara Azərbaycan milli musiqisinin müşayiəti ilə rəqs nömrələri təqdim olunub.

Sərginin açılışında çıxış edən Leyla Əliyeva 56-cı “Venesiya Biennalesi”ndə iştirak etməkdən məmnun olduğunu bildirib. Leyla Əliyeva Azərbaycan rəssamlarının təmsil olunduğu “Hüdudları aşaraq” sərgisinin əhəmiyyətindən danışıb: “Pavilyondakı əsərlərdə XX əsrin ortalarında sovet rejiminin kölgəsində qalmış rəssamların ruhu əks olunur. Pavilyon bizi Azərbaycan tarixinin vacib məqamına gətirib çıxarır və həmin ərəfədə susdurulmuş və ya məhəl qoyulmamış rəssamlara sanki səs verir. 1918-ci ildə biz ilk müstəqilliyimizi qazandıq və həmin dövrdə qadınlara səsvermə hüququ verildi və onlar parlamentə seçildilər. Həmçinin müsəlman Şərqində ilk opera və balet Azərbaycanda səhnəyə qoyuldu. Bundan sonra isə artıq mürəkkəb və füsunkar mədəni quruluşumuza yeni təbəqə əlavə etmiş sovet dövrü başladı. Bu gün ilk dəfə biz həmin ərəfədə işlənilmiş bəzi möhtəşəm incəsənət işlərinin nümayiş olunduğunu görə bilərik. Mən zamana bağlı olmayan bir incəsənətin yaradılmasının bugünkü meyillərlə ayaqlaşmadığına, səmimiyyət və dərin düşüncə ilə incəsənət əsərlərinin yaradılması ilə əlaqəli olduğuna həqiqətən də inanıram. Azərbaycan rəssamları, hətta ətrafındakılar onları dayandırmağa çalışsalar belə bunu uzun illər boyunca ediblər. Ümid edirəm ki, bu sərgini dolaşanda siz bu rəssamların səslərini eşidəcəksiniz və razılaşacaqsınız ki, onların incəsənəti zamanın sınağından keçib”.

Venesiyada təşkil olunan “Vita Vitale” sərgisinin ideyasının təbiətin mühafizəsi ilə sıx bağlı olduğunu deyən Leyla Əliyeva ekoloji problemlərin incəsənətin dili ilə çatdırılmasının əhəmiyyətindən danışıb, bu sərginin IDEA laboratoriyası tərəfindən təşkil edilməsindən şad olduğunu bildirib. Rəhbərlik etdiyi IDEA-nın fəaliyyəti və həyata keçirdiyi layihələr haqda da danışan Leyla Əliyeva Azərbaycanda ekoloji tarazlığın qorunması ilə bağlı görülən tədbirlərdən söz açıb.

Sərginin kuratoru Simon de Püri bu yeni layihə üzərində Heydər Əliyev Fondu ilə birgə işləməkdən şərəf duyduğunu bildirdi. O, ötən illərdə Fondun təşəbbüsü ilə müxtəlif ölkələrdə təşkil olunmuş “Bakıya uçuş” sərgilərində iştirak edən Azərbaycan rəssamlarının əsərlərinin artıq dünya miqyasında tanındığını diqqətə çatdırıb: ““Hüdudları aşaraq” sərgisi ötən əsrin 60-cı, 70-ci və 80-ci illərində Azərbaycanda yaşamış və fəaliyyət göstərmiş, lakin unudulmuş rəssamların yenidən kəşf olunmasına böyük təkan verir”.

Artıq beşinci dəfə “Venesiya Biennalesi” - Beynəlxalq İncəsənət Sərgisinə qatılan Azərbaycanın pavilyonundakı “Hüdudları aşaraq” sərgisində 7 rəssamın - Əşrəf Muradın, Cavad Mircavadovun, Tofiq Cavadovun, Rasim Babayevin, Fazil Nəcəfovun, Hüseyn Haqverdinin və Şamil Nəcəfzadənin əsərləri təqdim olunur. “Venesiya Biennalesi” vasitəsilə geniş tamaşaçı auditoriyasına açıq olan bu əsərlər XX əsrin repressiv sovet rejiminin kölgəsində qalmış rəssamların və onların əsərlərinin ruhunu, azadlıq eşqini işıqlandırır.

Heydər Əliyev Fondu 2004-cü ildən müasir incəsənətin və gənc rəssamların yaradıcılığının inkişafına dəstək verən layihələr həyata keçirir. Bunlardan biri də Azərbaycanın “Venesiya Biennalesi”ndə iştirakı layihəsidir.

Daha sonra “Venesiya Biennalesi” çərçivəsində “Vita Vitale” beynəlxalq sərgisinin də açılışı olub.

Heydər Əliyev Fondunun və IDEA-nın birgə təqdim etdikləri bu sərgi planetin taleyindən narahatlıqlarını əks etdirən müxtəlif ölkələrin rəssamlarını bir araya gətirir. Ekspozisiyaya Azərbaycan, ABŞ, Avstriya, Böyük Britaniya, Kanada, Fransa, İtaliya, Niderland, Pakistan, İsveçrə və Özbəkistan rəssamlarının əsərləri daxildir. Orada Edvard Burtinski, Mirça Kantor, Loris Çekkini, Toni Kreqq, Laura Ford, Leyla Əliyeva, Aida Mahmudova, Endi Vorhol və digər məşhur rəssamların əl işləri yer alıb. Bu sərgi ekoloji problemlərlə mübarizə aparan rəssamların nəzər nöqtələrini ortaya qoyur. Burada təkcə Azərbaycanın deyil, bütün planetin keçmişini, bu gününü və gələcəyini təyin edən sosial və ətraf mühit məsələləri ilə bağlı rəssamların düşüncələri işıqlandırılıb.

Bundan əvvəl 55-ci “Venesiya Biennalesi”ndəki “Ornamentlər” adlı Azərbaycan pavilyonunda ölkəmiz 6 rəssamla təmsil olunurdu. Builki tədbirə isə 89 ölkə öz milli pavilyonları və 44 sərgi ilə qatılıb.