Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Mayın 10-da Abşeron rayonunun Xırdalan şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü ilə məcburi köçkün ailələri üçün inşa edilmiş binanın açılışı olub.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva açılışda iştirak ediblər.
Yeni binada Xırdalan ət kombinatının ərazisində məskunlaşmış Kəlbəcər, Zəngilan və Füzuli rayonlarından məcburi köçkün ailələri yerləşdirilib. Bina 9 mərtəbə və avtodayanacaqdan ibarətdir. Üçbloklu binanın inşasına 2014-cü ilin iyununda başlanılmışdı.
Mehriban Əliyeva Kəlbəcər rayonundan məcburi köçkün Niyazi Ələkbərovun mənzilində yaradılmış şəraitlə tanış olub.
Binada ümumilikdə, 126 mənzil var. Onlardan 42-si bir, 60-ı iki, 24-ü isə üçotaqlıdır. Mənzillər mebellə təmin edilib. Binada mərkəzləşdirilmiş istilik sistemi, həmçinin yüksək keyfiyyətli liftlər quraşdırılıb. Binanın ətrafında geniş abadlıq-quruculuq işləri görülüb, yaşıllıqlar salınıb.