Birinci Avropa Oyunlarının məşəli Azərbaycanın bölgələrinə və Neft Daşlarına səyahətini başa çatdırdıqdan sonra iyunun 7-də paytaxt Bakıya gətirilib.
Məşəli Bakının Dənizkənarı Milli Parkındakı “Sadko” limanında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qəbul edib.
Mərasimdə Prezident İlham Əliyevlə yanaşı, xanımı Mehriban Əliyeva və ailə üzvləri də iştirak ediblər.
Prezident İlham Əliyev məşəli neftçi Nahid Nuriyevdən qəbul edib.
Dövlət başçısı birinci Avropa Oyunlarının məşəlini Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarovaya təqdim edib.
Məşəlin Bakı marşrutunun növbəti məkanı Ağ Şəhər bulvarı olub.
Daha sonra xalq artisti Arif Babayev Neftçilər prospektində məşəli birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya təqdim edib.
Mehriban Əliyeva məşəli Montröy Beynəlxalq caz festivalının qalibi, əməkdar artist, “Zirvə” dövlət mükafatı laureatı, pianoçu və bəstəkar İsfar Sarabskiyə ötürüb.
Sonra məşəli Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva daşıyıb.
Sərbəst güləş üzrə Avropa çempionu, yeniyetmələrin II Yay Olimpiya Oyunlarının qızıl medalçısı İqbal Hacızadədən “Bakı-2015”in məşəlini Arzu Əliyeva qəbul edib.
Sərbəst güləş üzrə dünya və Avropa çempionatlarının qalibi Hacı Əliyev isə məşəli növbəti estafetçiyə - Heydər Əliyevə təqdim edib.
Dövlət Bayrağı Meydanından və “Baku Crystal Hall”dan keçən məşəl Qız Qalasına yetişib. Burada məşəli sonuncu estafetçi - Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayevdən qəbul ediblər.
Ümumilikdə şəhər boyunca məşəl 16 kilometr məsafədə 100 məşəlçi tərəfindən daşınıb.