İyunun 11-də İçərişəhərdə “Qız qalası” beynəlxalq incəsənət festivalı başlayıb.
Festival Heydər Əliyev Fondunun təşəbbüsü və xüsusi dəstəyi, IDEA İctimai Birliyi, Müasir İncəsənət Muzeyi, “Qız qalası” incəsənət qalereyası və “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin təşkilatçılığı ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən keçirilir.
2010-cu ildə başlanan, dörd il Bakı şəhərində, bir dəfə isə Fransanın Kann şəhərində keçirilən “Qız qalası” Beynəlxalq incəsənət festivalı bu il altıncı dəfə gerçəkləşdirilir. Festival ənənəvi olaraq bu il də İçərişəhərdə, Qız qalasının qarşısındakı meydanda təşkil olunub. Festivalın keçirilməsində əsas məqsəd dünyanın müxtəlif yerlərindən gələn rəssamlar vasitəsilə Azərbaycan mədəniyyəti və incəsənətinin tanıdılması, eləcə də Bakının rəmzi olan Qız qalasının dünyada təbliğinə töhfə verilməsidir.
Festivalda rəssamlar Qız qalasının maketlərini öz milli üslublarında bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradırlar. Bu il festivalda dünyanın 10-dan çox ölkəsindən 30-a yaxın tanınmış rəssam iştirak edir.
İyunun 14-dək davam edəcək festivalın sonunda Qız qalası, nar və ceyran maketləri əvvəlcə Bakı sakinləri və paytaxtın qonaqları üçün İçərişəhərdə, daha sonra müxtəlif ölkələrdə sərgilənərək Azərbaycanı, onun tarixini və mədəniyyətini təmsil edəcək.