İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər.
Əvvəlcə birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olunub.
Dövlət başçısı mərasimdə çıxış edib.
Sonra mükafatlandırma mərasimi olub.
“Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Oyunların yüksək səviyyədə təşkilində fəal dəstəyinə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Mərasimdə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi barədə Prezident İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı oxunub.
Dövlət başçısı “Heydər Əliyev” ordenini Mehriban Əliyevaya təqdim edib.
Mehriban Əliyeva mərasimdə çıxış edib.
Sonra birinci Avropa Oyunlarında Azərbaycan idmançılarının qələbələrindən, Prezident İlham Əliyev tərəfindən qalib gələn atletlərə medalların təqdim olunması anlarından bəhs edən videoçarx nümayiş etdirilib.