Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva Azərbaycanda səfərdə olan rusiyalı tələbələrlə görüşüb.
Leyla Əliyevanın dəvəti ilə iyunun 26-da Azərbaycana gəlmiş 18 nəfərlik tələbə heyətinin üzvləri birinci Avropa Oyunlarının bağlanış mərasimində iştirak etdiklərini və bu şounun onlarda dərin təəssürat yaratdığını deyiblər.
Görüşdə Azərbaycan və Rusiya gəncləri arasında əməkdaşlığın genişləndirilməsi üzrə koordinasiya bürosunun yaradılması, RAGB-ın fəaliyyəti ilə bağlı informasiyaların internet saytlarında və sosial mediada daha operativ və hərtərəfli işıqlandırılması məsələləri müzakirə edilib.
Rusiyalı tələbələr Azərbaycana bu səfərin təşkilinə göstərilən dəstəyə görə Leyla Əliyevaya təşəkkür ediblər.
Gənclər Bakıda Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən Muzeylə tanış olublar, paytaxtın tarixi və müasir məkanlarını ziyarət ediblər. Onlar Quba Soyqırımı Memorial Kompleksində olublar.
Leyla Əliyeva müxtəlif ölkələrə bu cür səfərlərin sosial ünsiyyətin genişləndirilməsində əhəmiyyətli rol oynadığını qeyd edib, Azərbaycan və Rusiya gənclərinin gələcək əməkdaşlığına dair tövsiyələrini verib.