Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 10 ildir Rusiya Müftiləri Şurasının "Ramazan çadırı" layihəsində fəal iştirak edir və möminlər üçün iftar süfrəsi açır.
Mərasimə Azərbaycan diasporunun üzvləri, müxtəlif millətlərin nümayəndələri qatılıblar.
Qonaqlar "Ramazan çadırı" qarşısında açılan fotosərgi ilə tanış olublar. Burada birinci Avropa Oyunlarına, Azərbaycanın memarlıq və dini abidələrinə həsr olunmuş şəkillər nümayiş olunub. İştirakçılara "Baku", "Amor", "İrs" jurnallarının nüsxələri, Heydər Əliyev Fondunun nəşrləri, ölkəmiz haqqında multimedia diskləri və Azərbaycanın gözəl mənzərələrinin təsvir olunduğu açıqcalar paylanıb.
Sonra Müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Mərasim iştirakçılarına Azərbaycan milli yeməkləri və şirniyyatı təqdim olunub.
İftar mərasimində Azərbaycanda keçirilən birinci Avropa Oyunları barədə videoçarx nümayiş etdirilib. "İxlas" Fondunun nümayəndələri Ramazan bayramına həsr edilmiş şeirlər oxuyublar. Müğənnilərin ifasında dini nəğmələr və xalq mahnıları səsləndirilib.