Mayın 17-də İstanbulda İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin ikigünlük iclasında yekun sənəd qəbul olunub.
Forumun baş katibi Elşad İsgəndərov bildirib ki, İslam Konfransı Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumunun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə birinci Baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya Ədalət – Qarabağa azadlıq” kampaniyası İKT ekspertləri tərəfindən dəstəklənib, 26 fevral - Xocalı soyqırımı gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olunub.
Bundan əlavə, Xocalı qətliamının İslam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklif də İKT nazirlərinin toplantısına təqdim ediləcək. Qəbul olunmuş sənəddə Xocalı soyqırımının Avropa, Asiya və Afrika ölkələri regional parlamentlərarası assambleyalarının dialoqu zamanı bəşəriyyətə qarşı kütləvi qətliam kimi tanınması barədə məsələ də qaldırılacaq.
Toplantı iştirakçıları Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə hazırlanmış və Xocalı soyqırımından bəhs edən sərgi ilə, habelə Bosniya və Herseqovinada, Fələstində törədilmiş qətliamlardan bəhs edən fotoşəkillərlə də tanış olublar.
Müzakirələrin yekununa dair qəbul olunmuş sənəd İKT Mədəniyyət Nazirləri Şurasına təqdim olunacaq.