IDEA İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə gənclər üçün təlim keçirib
07/10/2015

IDEA İctimai Birliyi Ümumdünya Quşları Müşahidə Günü ilə əlaqədar Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə quşların və məməli heyvanların payız sayğısı çərçivəsində gənclər üçün təlim keçirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər mövsüm miqrasiya edən quşların sayğısını aparmaqla, onların növlərini və köçünü tədqiq edir. Sayğıda iştirak edən IDEA İctimai Birliyinin könüllüləri quşların miqrasiyasını canlı müşahidə etməklə yanaşı, sayğı prosesinə də öz töhfələrini veriblər.

IDEA İctimai Birliyindən bildiriblər ki, təlimlər nəzəri və praktiki hissələrdən ibarət olmaqla iki gün müddətində davam edib. Nəzəri hissə oktyabrın 5-də IDEA-nın Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən Resurs Mərkəzində baş tutub. Sessiya zamanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, WWF-in Azərbaycan Nümayəndəliyi və AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları gənclərə bioloji müxtəliflik, Qırmızı Kitaba daxil olan növlər, quşların və məməlilərin sayğısının aparılma metodikası kimi mövzuları əhatə edən mühazirələr təqdim ediblər.

Oktyabrın 6-da isə iştirakçılar əldə etdikləri nəzəri bilikləri bilavasitə təcrübədən keçirmək imkanı əldə ediblər. Belə ki, Şirvan Milli Parkına gedən gənclər burada praktiki çöl işlərinin (quş növlərinin müşahidəsi, sayğıların keçirilməsi və hesabatların tərtib olunması və s.) aparılmasında əyani şəkildə iştirak ediblər. Ərazi ilə yaxından tanış olduqdan sonra iştirakçılara quşların sayılma metodikası yerində izah olunub.

Oxşar tədbirlər IDEA İctimai Birliyi tərəfindən ötən illərdə də həyata keçirilib. Mütəmadi olaraq keçirilən sayğılarda əsas məqsəd quşların və məməli heyvanların sayında olan dinamikanın izlənilməsidir. Təlimlərdə iştirak edən tələbələr və gənc mütəxəssislər quşların populyasiyaları və təsirlərin qiymətləndirilməsi, müxtəlif quş növlərinin, onların yaşam tərzinin müşahidəsinin aparılması və saylarına dair hesabatların hazırlanmasının sirlərinə yiyələniblər.

IDEA mütəmadi olaraq ətraf mühit və davamlı inkişaf üzrə təhsil alan tələbələr, bu sahədə çalışan mütəxəssislər, həmçinin ətraf mühitə biganə qalmayan gənclər üçün müxtəlif ekoloji mövzulara həsr olunan təlimlər, seminarlar, kurslar, təcrübə səfərləri və s. təşkil edir. Tədbirlər barədə elanlar ictimaiyyətə IDEA-nın onlayn xidmətləri (www.facebook.com/ideacampaign və http://instagram.com/idea_public_union, [email protected]) vasitəsilə çatdırılır.