Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının direktoru Devid Makdonald Azərbaycanda bir sıra görüşlər keçirib
21/10/2015

IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın dəvəti ilə Oksford Universitetinin zoologiya departamenti nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının (WildCru) direktoru, biomüxtəlifliyin mühafizəsi üzrə dünya şöhrətli mütəxəssis professor Devid Makdonald 19-22 oktyabr tarixlərində ölkəmizə səfər edib.

Səfər çərçivəsində professor Makdonald IDEA İctimai Birliyi və Ümumdünya Təbiət Fondunun (WWF) Azərbaycan nümayəndəliyi ilə görüşlər keçirib və hər iki təşkilatın fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

D.Makdonald, həmçinin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovla görüşüb və ətraf mühitin mühafizəsi sahəsində ölkəmizdə həyata keçirilən dövlət siyasəti ilə yaxından tanış olub.

Bununla yanaşı, oktyabrın 19-da D.Makdonaldın ADA Universitetində biomüxtəlifliyin mühafizəsi haqqında geniş mühazirəsi keçirilib. O, biomüxtəliflik və onun mühafizəsi, bu sahədə görülən işlər, bioloji müxtəlifliyin qorunma problemləri kimi məsələlərə toxunub, həmçinin direktoru olduğu Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının fəaliyyəti, xüsusilə də onun müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.

Təqdim olunmuş geniş mühazirədə ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan 100-dən çox IDEA könüllüsü və ADA Universitetinin tələbələri iştirak ediblər. Mühazirə gənclər tərəfindən böyük maraqla qarşılanıb və onların biliklərinin dərinləşməsinə xidmət edib. Təqdimatın sonunda iştirakçılarla interaktiv müzakirələr aparılıb.

1986-cı ildə professor Makdonald tərəfindən təsis edilmiş “WildCru” dünyanın təbiətin mühafizəsi üzrə ixtisaslaşmış ən böyük institutu hesab edilir. “WildCru”nun əsas məqsədi elmi nəzəriyyə ilə praktiki tədbirlər arasında körpü yaratmaqla biomüxtəlifliyin mühafizəsində müşahidə olunan boşluqları aradan qaldırmaqdan ibarətdir. Hazırda təşkilatın 50-yə yaxın elmi işçisi müxtəlif ölkələrdə fauna növlərinin mühafizəsi sahəsində həyata keçirilən layihələrə rəhbərlik edir.