Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Oktyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Oksford Universitetinin Zoologiya Departamenti nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Mühafizəsi Təşkilatının (WildCru) direktoru professor Devid Makdonald və həmin təşkilatın elmi işçisi Don Burnhem ilə görüşüb.
Görüşdə Leyla Əliyeva IDEA İctimai Birliyinin fəaliyyəti, xüsusilə də Azərbaycanın endemik fauna növlərinin mühafizəsi və bərpası sahəsində təşəbbüsləri barədə geniş məlumat verib. Qeyd olunub ki, IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən “Ceyranların tarixi yaşayış məskənlərinə reintroduksiyası” layihəsi çərçivəsində 150 baş ceyran Azərbaycan və Gürcüstan ərazilərindəki təbii yaşayış areallarına buraxılıb.
Bundan əlavə, IDEA İctimai Birliyi beynəlxalq və yerli tərəfdaşları ilə birlikdə Azərbaycanda bəbirlərin sayının bərpası layihəsi üzərində çalışır. Leyla Əliyeva bu ilin oktyabr ayının əvvəlində Astara rayonu ərazisində bəbir öldürülməsi xəbərindən məyus olduğunu bildirib. Həmin hadisə bu nadir fauna növünün mühafizəsinin gücləndirilməsi zərurətini bir daha sübut edib.
Nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvanların mühafizəsi ilə yanaşı, IDEA İctimai Birliyi biomüxtəlifliyimizin zənginləşdirilməsi məqsədilə yoxa çıxmış növlərin reintroduksiyasını da planlaşdırır.
Professor D.Makdonald IDEA-nın fəaliyyətini izlədiyini və təqdir etdiyini bildirib. O qeyd edib ki, WildCru dünyanın 6 qitəsində nəsli kəsilmək təhlükəsi ilə üzləşən heyvan növlərinin tədqiq edilməsi və mühafizəsi layihələrini həyata keçirir. Fəaliyyət göstərdiyi 30 il ərzində WildCru vəhşi təbiət sahəsində dünyanın ən qabaqcıl elmi-tədqiqat mərkəzinə çevrilib.
Görüşdə IDEA və Oksford Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib. Bu xüsusda, bir azərbaycanlı tələbənin gələn il Oksford Universitetində biomüxtəliflik ixtisası üzrə təhsil alması ilə bağlı razılıq əldə olunub.