Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Fondun Rusiya nümayəndəliyi “Günəşli gün” xeyriyyə aksiyasında iştirak edib.
“Günəşli gün” N.N.Bloxin adına Uşaq Onkologiya və Hematologiya Elmi-Tədqiqat İnstitutunda müalicə olunmuş və olduqca ağır onkoloji xəstəliyə qalib gəlmiş uşaqlar üçün bayramdır. Tədbirdə təxminən 200 uşaq və 70 həkim iştirak edib.
Uşaq Onkologiya və Hematologiya Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Məmmədbağır Əliyev bayram tədbirini açaraq qeyd edib ki, onkoloji mərkəzdə ildə 2000-dən çox uşaq, o cümlədən Azərbaycandan olan uşaqlar müayinə olunurlar. M.Əliyevin sözlərinə görə, bədxassəli şişi olan uşaqların 80 faizi sağalır. O, Heydər Əliyev Fonduna və Rusiya Beynəlxalq Proqramlar Müdiriyyətinə uşaq onkoloji mərkəzə göstərilən dəstəyə görə təşəkkür edib. M.Əliyev deyib: “Belə tədbirlər müalicə alan pasiyentlərin psixoloji reabilitasiyasına kömək edir. Daha vacibi isə müalicədə olanları dəstəkləməkdir”.
Beynəlxalq Proqramlar Müdiriyyətinin direktoru Tatyana Şumova vurğulayıb ki, “Günəşli gün” bayramının əsas ideyası insanlara şəfa tapmaqda inam və onkologiyanın ölüm hökmü deyil, müalicə edilən xəstəlik olması barədə ümid bəxş etməkdir.
O deyib: “Onkopatologiya keçirmiş uşaqlar böyüyür, normal inkişaf edir, oxuyur və beləliklə valideynlərini sevindirirlər”. T.Şumova, həmçinin Leyla Əliyeva başda olmaqla Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinə xeyriyyə aksiyasında iştiraka görə təşəkkür edib.
Bu il “Günəşli gün” Moskva Kukla Teatrında keçirilib. Uşaqları şən klounlar – M.N.Rumyantsev (Karandaş) adına Dövlət Sirk və Estrada Sənəti Məktəbinin tələbələri əyləndiriblər.
H.K.Andersenin “Çaxmaq daşı” nağılı əsasında tamaşanın premyerası əsas hədiyyə olub.
Sonda tədbirin təşkilatçıları bütün iştirakçıları şərq şirniyyatlarına qonaq ediblər, onlara xatirə hədiyyələri veriblər.