Biz “Fly to Baku” sərgisinə, təqribən 2 il hazırlaşmışıq. Ümid edirəm ki, sərgi Sizə öz dilində - incəsənət dilində, bu gün Vətənimizin bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açacaq.
Noyabrın 12-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehin ilə görüşüb.
Mehriban Əliyeva və Fondun vitse-prezidenti, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru Babatunde Osotimehinin başçılıq etdiyi nümayəndə heyətini salamladılar.
Mehriban Əliyeva Heydər Əliyev Fondunun nəinki ölkəmizin, o cümlədən regionun ən böyük və ən fəal qeyri-hökumət təşkilatlarından biri olduğunu bildirib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun fəaliyyətində sosial problemlər, xüsusilə də ailə, qadın və uşaq problemləri prioritet istiqamətlərdən biridir. Heydər Əliyev Fondunun 2008-ci ildən BMT-nin Əhali Fondu, həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə layihələr həyata keçirdiyini diqqətə çatdıran Mehriban Əliyeva vurğulayıb ki, tarix boyu ölkəmizdə qadınlar ictimai-siyasi həyatda fəal rol oynayıblar və mühüm yer tutublar.
“Azərbaycanda qadınlara səsvermə hüququ bir çox Avropa ölkələrindən əvvəl verilib”, - deyən Mehriban Əliyeva bu gün də Azərbaycan qadınlarının müxtəlif sahələrdə fəal rol oynadıqlarını bildirib.
Görüşdə müasir dünyanın çağırışları ilə yeni layihələr həyata keçirməyin zəruriliyi vurğulanıb. Məişət zorakılığına son qoymaq sahəsində ölkəmizdə görülən işlərdən danışılıb. Qadınlara qarşı zorakılığa son qoyulmaqla yanaşı, onlara sosial dəstək və reabilitasiya tədbirlərinin vacibliyinə toxunan Mehriban Əliyeva ölkəmizdə bu istiqamətdə konkret layihələrin icra olunduğunu, regionlarda reabilitasiya mərkəzlərinin açıldığını söyləyib.
Mehriban Əliyeva BMT-nin Əhali Fondunun icraçı direktoru, BMT baş katibinin müavini Babatunde Osotimehinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığa təkan verəcəyinə əminliyini vurğulayıb və Heydər Əliyev Fondunun əməkdaşlığı gələcəkdə də davam etdirməyə hazır olduğunu deyib.
Səmimi görüşə görə minnətdarlığını bildirən Babatunde Osotimehin Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan böyük şərəf hissi duyduğunu söyləyib. BMT rəsmisi Heydər Əliyev Fondunun fəaliyyətinin uca amallara və məqsədlərə xidmət etdiyini məmnunluqla vurğulayıb.
Görüşün sonunda Babatunde Osotimehin Azərbaycanda qadınların və uşaqların hüquqlarının qorunması, həmçinin gender bərabərliyi sahəsində göstərdiyi xidmətlərə görə BMT-nin Əhali Fondunun xatirə diplomunu və hədiyyəsini Mehriban Əliyevaya təqdim edib.