“Ekoloji Menecment” mövzusunda növbəti elmi seminar təşkil edilib
16/11/2015

Noyabrın 13-də IDEA İctimai Birliyinin Resurs Mərkəzində Qərb, Bakı Biznes, Bakı Avrasiya, Odlar Yurdu və Azərbaycan universitetlərinin tələbələri üçün “Ekoloji menecment” mövzusunda növbəti elmi seminar təşkil edilib.

IDEA-nın ekoloji tədris proqramının tərkib hissəsi olan seminarda bioloji müxtəlifliyin mühafizəsi üzrə tanınmış mütəxəssis Elman Yusifov iştirakçılara ətraf mühitin müxtəlif sahələri barədə maraqlı məlumatlar verib.

Seminar çərçivəsində, həmçinin Elman Yusifovun həmmüəllifi olduğu “Ekoloji menecment” ikicildliyinin təqdimatı olub.

Bu dərs vəsaitinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın baş redaktorluğu ilə nəşr edildiyi diqqətə çatdırılıb.

Kitabda ətraf mühitin bütün sahələri, o cümlədən ekosistemlər, biomüxtəliflik, hüquqi tənzimlənmə, müasir dünyada müşahidə olunan qlobal ekoloji problemlər və onların həlli yolları, beynəlxalq təcrübə və s. barədə elmi araşdırmalar əks olunub. Bu kitab ətraf mühit, ekologiya və davamlı inkişaf sahələrində təhsil alan tələbələr üçün faydalı dərs vəsaiti olmaqla yanaşı, qeyd olunan sahələrdə çalışanlar üçün stolüstü kitab kimi də xüsusi əhəmiyyət daşıyır.

İnteraktiv şəraitdə keçirilən seminarda gənclər ətraf mühitin mühafizəsi ilə bağlı onları maraqlandıran mövzularda peşəkarla bilavasitə müzakirə aparmaq imkanı əldə ediblər.

Tədbirin sonunda IDEA İctimai Birliyi tərəfindən iştirakçılara ikicildlik “Ekoloji Menecment” kitabları hədiyyə olunub.