Bakı Ekspo Mərkəzində VI beynəlxalq “Xəzər: ətraf mühit üçün texnologiyalar” sərgisi (“CTE-2015”) öz işinə başlayıb.
Noyabrın 18-də Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov və Bolqarıstan Respublikasının Ətraf Mühit və Su naziri İvelina Vasilevanın iştirakı ilə sərgiyə baxış keçirilib.
Ətraf mühitin mühafizəsinə həsr olunmuş sərgi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və IDEA İctimai Birliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində isə “Caspian Event Organisers” (CEO) şirkəti çıxış edir.
Sərginin əsas məqsədi təbii sərvətlərin qorunub saxlanılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradacaq təbiəti mühafizə üzrə innovasiyalı avadanlıq və texnologiyaların Azərbaycanda təşviqi və tətbiqidir. Bu sərgi Xəzəryanı və Qafqaz regionlarında ekologiya və ətraf mühitin mühafizəsi üzrə keçirilən mühüm tədbirdir.
“СТЕ 2015” sərgisi Azərbaycan, Almaniya, Çexiya, Rusiya, Türkiyə, İsveçrə və digər ölkələrdən olan 35 şirkəti bir araya toplayıb. Ətraf mühit sərgisində ardıcıl olaraq ikinci il iştirak edən Çexiya milli stendi isə 7 şirkəti təqdim edir. Sərgidə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Təmiz Şəhər” ASC və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC kimi dövlət strukturları, eləcə də ilk dəfə olaraq Təhsil Nazirliyi iştirak edir.
Bu il keçiriləcək sərginin debütantları arasında İsveçrə, Çexiya və Rusiya şirkətləri yer alır. Tümen vilayəti ticarət-sənaye palatasının stendində üç Rusiya şirkətinin ekspozisiyası təqdim olunur. Sərginin debütantları tullantıların utilizasiyası və emalı üzrə avadanlıqlar, sutəmizləmə sistemləri və bir sıra digər məhsulları təqdim edirlər.
Ümumilikdə əsas diqqəti ətraf mühit problemlərinə və onların həlli yollarına cəlb etməklə yanaşı, “СТЕ 2015” sərgisində təbii resursların səmərəli istifadəsi sahəsində ən son məhsullar, bərk tullantıların toplanması və utilizasiyası sistemləri, alternativ energetika üzrə müasir avadanlıq nümunələri və digər məhsullar nümayiş olunur. Bundan başqa, SOCAR və bp kimi neft şirkətləri suyun, torpağın təmizlənməsi və zəhərli tullantıların idarə edilməsi üzrə texnologiyaları təqdim edirlər. Həmçinin bu il sərgi çərçivəsində “Yaşıllaşdırma, landşaft dizaynı və bağ texnikası” adlı yeni sektor təqdim olunur.
Sərgi öz işini noyabrın 20-dək davam etdirəcək. “CTE-2015” sərgisi ətraf mühitin mühafizəsi sahəsində əldə olunmuş nailiyyətləri nümayiş etdirməklə yanaşı, hökumət və qeyri-hökumət təşkilatları ilə ekoloji məsələlər üzrə əməkdaşlığın milli, regional və beynəlxalq səviyyədə genişləndirilməsinə, habelə enerjiyə qənaət olunması və alternativ enerji mənbələrinin tətbiqi sahəsində təcrübə mübadiləsinin aparılmasına imkan yaradacaq.