Rusiya XİN yanında Diplomatik Akademiyada gənclərin beynəlxalq “Global Village” mədəniyyət festivalı keçirilib
26/11/2015

Rusiya XİN yanında Diplomatik Akademiyada gənclərin beynəlxalq “Global Village” mədəniyyət festivalı keçirilib. Tədbirdə akademiyanın Azərbaycan klubunun nümayəndələri Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) və Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin dəstəyi ilə fəal iştirak ediblər.

Akademiyada təhsil alan müxtəlif millətlərin nümayəndələri, o cümlədən Azərbaycan, Rusiya, Moldova, Özbəkistan, Tacikistan, Qırğızıstan, Çin, Monqolustan və digər ölkələrin təmsilçiləri öz ölkələri barədə söhbət açmaq, milli mətbəxin ləziz yeməklərinə bir-birini qonaq etmək üçün bir yerə toplaşıblar.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev festivalın açılışında çıxış edib. O, akademiyanın müəllim və tələbələrini salamlayaraq qeyd edib ki, Azərbaycan öz milli və dini dözümlülüyü ilə fərqlənir. Diplomat deyib: “Azərbaycan xalqının zəngin dövlətçilik, multikulturalizm və tolerantlıq ənənələri var. Ölkəmizdə müxtəlif dinlərin və millətlərin nümayəndələri dinc yanaşı yaşayır”. O, dünyada yaranmış gərgin beynəlxalq vəziyyət barədə söhbət açaraq qeyd edib ki, biz yalnız birləşməklə müasir dövrün çağırış və təhdidlərinə qarşı dura bilərik.

RAGB idarə heyətinin üzvü Emin Hacıyev tədbir iştirakçılarına RAGB sədrinin salamlarını çatdıraraq qeyd edib ki, Rusiyanın aparıcı ali məktəblərində təhsil alan istedadlı azərbaycanlı gənclər çoxdur. Onlar RAGB-nin rəhbərliyi ilə müxtəlif beynəlxalq layihələrdə fəal iştirak edirlər.

Diplomatik Akademiyanın tələbələri və Azərbaycan klubunun fəalları Fərəh Nəcəfzadə, Tamara Məmmədova, Loğman Məmmədov, Ləman, Aydan və Dünya Dadaşova bacıları, Emin Rəhimov, Ramil İsmayılov, Tərlan Həsənov, Elşən Bənnayev və başqaları festivalın qonaqlarına Azərbaycan xalqının tarixi, mədəniyyəti və ənənələri barədə məlumat veriblər. Qonaqlar Azərbaycan mətbəxinin ləziz xörəklərinin dadına baxıblar. Ölkəmizə həsr edilmiş stenddə suvenirlər, milli geyimlər, məişət əşyaları, video və fotomateriallar nümayiş etdirilib.

RAGB-nin nəzarət-təftiş komissiyasının üzvləri İbrahim İbrahimov, Ruslan Eyvazov, Ramin Rəcəbov və digər fəallar tədbirdə iştirak ediblər.

“Azərbaycan” ansamblının üzvü Samirə Bayramovanın ifasında gecənin qonaqlarına parlaq bir musiqi nömrəsi təqdim edilib: O, “Sarı gəlin” Azərbaycan xalq mahnısının sədaları altında rəqs edib.