Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə 21-ci Konfransı (COP21) keçirilib.
Dekabrın 4-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva konfransda iştirak ediblər.
Mehriban Əliyevanı və Leyla Əliyevanı COP21 Konfransının baş katibi, səfir Pier Henri Quiqnard qarşılayıb.
Konfransın əhəmiyyətini və müzakirəyə çıxarılan məsələlərin aktuallığını tədbirdə 150-dək dövlət və hökumət başçısının iştirak etməsi bir daha təsdiqləyir. Konfransda müzakirəyə çıxarılan mövzulardan biri dünyada istixana qazlarının azaldılması və iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində diskussiyaların keçirilməsidir.
Mehriban Əliyeva və Leyla Əliyeva konfransın keçirildiyi məkanda qurulmuş müxtəlif ölkələrin pavilyonları ilə tanış olublar.
Leyla Əliyeva Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin konfrans çərçivəsində təşkil etdiyi “Azkarbonlu inkişaf və iqlim dayanıqlılığı üçün innovativ yanaşmalar” mövzusunda tədbirdə çıxış edib.
Bu tədbir Mərkəzi və Şərqi Avropa, Mərkəzi Asiya ölkələrində davamlı inkişafın təmin edilməsi, həmçinin ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərə həsr olunub. Tədbirə xüsusi qonaq qismində dəvət olunan Leyla Əliyeva mövzu ilə bağlı fikirlərini bölüşüb və IDEA İctimai Birliyinin bu sahədəki təcrübəsindən danışıb.
Leyla Əliyeva çıxışında bəşəriyyətin qarşılaşdığı aktual ekoloji problemlərə toxunub və onların həlli yolları barədə təkliflərini bildirib. Qeyd olunub ki, beynəlxalq ictimaiyyətin gələcək nəsillər qarşısında mənəvi öhdəliyi ekosistemin, eləcə də nadir flora və fauna növlərinin yaşaması və inkişaf etməsi üçün şərait yaratmaqdan ibarətdir. Bu hədəfə çatmaq bizim imkanlarımız xaricində deyil, əksinə bu, bizim əlimizdədir. Belə ki, ətraf mühitin deqradasiyasının əsas mənbəyi neqativ insan fəaliyyətidir.
Leyla Əliyeva dedi:
- Təbiətdən qiymətli və füsunkar heç nə yoxdur. Təbiət heç kəsə məxsus deyil. O bizə verilib və bizim də vəzifəmiz onu növbəti nəsillərə ötürməkdir. Ətraf mühiti qorumaq məqsədilə yeni həll yollarını tapmaq üçün əməkdaşlıq etməliyik. Heç bir ölkə bu problemi təklikdə həll edə bilməz.
Əziz dostlar, bu gün sizə öz təşkilatımız IDEA - Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyi haqqında məlumat vermək istəyirəm. Təşkilat 4 il bundan əvvəl Azərbaycanda təsis edilib. Azərbaycan qədim ənənələr və zəngin tarixə malik, Şərq ilə Qərbin qovuşuğunda yerləşən bir ölkədir. Azərbaycan, həmçinin başı qarlı dağlar, çaylar, göllər, böyük meşələr, çəmənliklər və ovalıqlar diyarıdır. Mövcud 11 iqlim qurşağından 9-u Azərbaycanda var. Bu da ölkəmizə zəngin biomüxtəliflik verir. IDEA-nın əsas məqsədi gənc nəslin nümayəndələrini həm ölkə daxilində, həm də xaricində ətraf mühiti qorumağa cəlb etməkdir.
Çıxışda, həmçinin ekoloji təhdidlərin sərhəd tanımadığı və heç bir dövlətin bu təhlükədən sığortalanmadığı xüsusi vurğulanıb. Bu səbəbdən dünya birliyinin əlaqəli fəaliyyəti vacibdir.
Leyla Əliyeva tədbir iştirakçılarına Azərbaycanın səmərəli coğrafi mövqeyi, təbiəti, zəngin flora və faunası, eləcə də münbit iqlim şəraiti barədə ətraflı məlumat verib. Bu xüsusda, ölkəmizdə təbiətin və ətraf mühitin mühafizəsi sahəsində görülən işlər və müşahidə olunan irəliləyişlər diqqətə çatdırılıb. Çıxış zamanı IDEA İctimai Birliyinin fəaliyyəti, o cümlədən ölkəmizdə və regionda ekoloji problemlərin aradan qaldırılması, biomüxtəlifliyin mühafizəsi, davamlı inkişafın təşviqi, cəmiyyətimizdə heyvanlara qarşı humanist münasibətin təbliği, gənclərin ətraf mühitlə bağlı biliklərinin dərinləşdirilməsi və sair sahələrdə əldə olunmuş nailiyyətlərdən də bəhs edilib.
Bu yaxınlarda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı - FAO-nun xoşməramlı səfiri təyin olunduğunu bildirən Leyla Əliyeva IDEA-nın xətti ilə həyata keçirilən layihələr haqqında danışdı. Bildirdi ki, təşkilatın son iki ildə fəaliyyətinin əsas istiqamətlərindən biri nəsli kəsilməkdə olan heyvan növlərinin qorunmasıdır.
Leyla Əliyeva dedi:
- Azərbaycanda biz özümüzün Qafqaz beşliyini yaratmışıq. Bunlar qonur ayı, qartal, boz qurd, ceyran və Qafqaz bəbiridir. Nəsli kəsilməkdə olan bu heyvan növlərinin davamlı mühafizəsi təşkilatımızın əsas məqsədlərindəndir. Ötən bir neçə ildə ceyranın regionumuzda vəhşi təbiətə buraxılması yolları üzərində çalışmışıq, birinci Qafqaz Biomüxtəlifliyi Sammitini Bakıda təşkil etmişik və burada məqsədimiz pələngin ardınca Qafqaz bəbirinin nəslinin kəsilməsinin qarşısını almaq idi. Nərə balığının yetişdirilməsi və Xəzər dənizinə buraxılması layihəsi üzrə Blue Marine Fondu ilə əməkdaşlığa başlamışıq. Bu, çox maraqlı layihə olacaq. Başlıca vəzifəmiz bütün bu gözəl heyvan növlərini mühafizə etməkdir. Biz nə qədər texnoloji təşkilat, tarixi abidə və mədəni artefakt ortaya çıxarsaq da, heç nə təbiət qədər gözəl və müqəddəs ola bilməz. Təbiətin müalicəvi gücü var və o bunu bizə qarşılıqsız olaraq verir. Hər kəs təbiətin və planetimizin mühafizəsinə kömək etmək üçün əlindən gəldiyi qədər töhfə verə bilər. Hər kiçik addım müsbətə doğru dəyişikliyə səbəb ola bilər.
Çıxış tədbir iştirakçılarının geniş marağına səbəb olub və Leyla Əliyeva ölkəmiz və IDEA İctimai Birliyinin fəaliyyəti ilə bağlı auditoriyanın suallarını cavablandırıb.
Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin (REC) icraçı direktoru Marta Jiqeti Bonifert də IDEA-nın fəaliyyətini yüksək dəyərləndirdi və digər təşkilatların IDEA ilə birgə fəaliyyətinin faydalı olacağına əminliyini bildirdi. O dedi:
- Bu masa ətrafında əyləşən bir çox tərəflərlə, həmçinin IDEA ilə işləməkdən məmnunuq. Mən ümid edirəm ki, Leyla Əliyeva gələcəkdə vacib təşəbbüs kimi bu işləri davam etdirəcək və burada toplaşanlar da bu təşəbbüsə qoşularaq yerlərdə uşaqlarla və gələcək nəsillərlə bağlı müəyyən nailiyyətlər əldə edəcəklər. Çünki biz planetimizi yalnız birlikdə daha yaxşı məkana çevirə bilərik.