Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibinin müavini Riçard Kinli ilə görüşüb

Video

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibinin müavini Riçard Kinli ilə görüşüb

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibinin müavini Riçard Kinli ilə görüşüb
04/12/2015

Dekabrın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Parisdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibinin müavini Riçard Kinli ilə görüşüb.

Leyla Əliyeva UNFCCC-ni möhtəşəm Paris Konfransının keçirilməsi münasibətilə təbrik edib və tədbirin işinə uğurlar arzulayıb. Həmçinin Konfransın nəticəsi olaraq, beynəlxalq ictimaiyyətin artıq uzun müddətdir gözlədiyi iqlim dəyişikliyi üzrə universal sənədin qəbul olunacağına ümid etdiyini də bildirib.

Leyla Əliyeva IDEA-nın həyata keçirdiyi milli və regional layihələr, eləcə də beynəlxalq tərəfdaşları barədə Riçard Kinliyə ətraflı məlumat verib. Qeyd olunub ki, cəmi 4 ildir fəaliyyət göstərən IDEA BMT-nin Ətraf Mühit Proqramı (UNEP), BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD) Tərəflər Konfransı, Ümumdünya Təbiət Fondu (WWF) və Təbiətin Mühafizəsi üzrə Beynəlxalq Birliyi (IUCN) kimi aparıcı təşkilatlara üzv olub və bir çox digər beynəlxalq qurumlarla sıx əməkdaşlıq əlaqələri qurub.

Riçard Kinli IDEA-nın Azərbaycanda biomüxtəlifliyin bərpası və ictimai maarifləndirmə sahələrində geniş təcrübə qazandığını və bu baxımdan hər iki təşkilat arasında əməkdaşlıq üçün əlverişli zəmin olduğunu bildirib.

Görüşdə tərəflər IDEA-nın UNFCCC-yə üzvlüyü, Bakıda iqlim dəyişikliyinə həsr olunmuş beynəlxalq tədbirlərin keçirilməsi, yerli mütəxəssislər üçün təlim və treninqlərin təşkil olunması, iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılması ilə bağlı qabaqcıl təcrübənin öyrənilməsi və s. sahələrdə mümkün əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

XXX

Görüşdən sonra Leyla Əliyeva COP21 pavilyonlarına baş çəkib və növbəti COP22 Konfransına ev sahibliyi edəcək Mərakeşin ekspozisiyası ilə tanış olub. Leyla Əliyeva burada Mərakeşin ətraf mühit naziri xanım Hakima El Haite ilə görüşüb.