Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Dekabrın 4-də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə 21-ci Paris Konfransında iştirak edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva BMT-nin Səhralaşma ilə Mübarizə üzrə Konvensiyasının (UNCCD) icraçı katibi xanım Monik Barbut ilə görüşüb.
Görüşdə IDEA və UNCCD arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bu sənəd iki təşkilat arasında gələcək fəaliyyətin çərçivəsini müəyyənləşdirməklə yanaşı, əməkdaşlıq sahələri və formatını da əks etdirir.
İmzalanma mərasimindən sonra Leyla Əliyeva ilə Monik Barbut arasında ikitərəfli görüş keçirilib. Leyla Əliyeva ölkəmizdə şoran torpaqların münbitliyinin artırılması və meşə ərazilərinin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. Qeyd olunub ki, yaşıllıqların artırılması ilə bağlı dövlət səviyyəsində görülən işlərə dəstək verilməsi məqsədilə IDEA İctimai Birliyi tərəfindən də mütəmadi olaraq, kütləvi ağacəkmə aksiyaları təşkil olunur. Bu cür tədbirlər bir qayda olaraq, ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. Fəaliyyət göstərdiyi 4 il ərzində IDEA İctimai Birliyinin təşəbbüsü ilə ölkə ərazisində ümumilikdə 5 milyondan artıq ağac əkilib. Bununla yanaşı, IDEA ötən ilin may ayından etibarən, meşə zolaqları və yaşıllıqların mühafizəsi məqsədilə “Ağacların kəsilməsinə yox” proqramına başlayıb. IDEA-nın layihələrinin uğurunun təməlini İctimai Birliklə gənclər arasında mövcud olan qarşılıqlı anlaşma və sıx bağlılıq təşkil edir. Leyla Əliyeva rəhbərlik etdiyi təşkilatın digər sahələrdəki fəaliyyəti və gələcək planlarına da toxunub.
Monik Barbut UNCCD-də akkreditə olması münasibətilə IDEA-nı təbrik edib. O, UNCCD-nin əsas prioritetləri, eləcə də həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Həmçinin ölkəmizdə səhralaşma və meşə sahələrinin qıtlığı probleminin həllində vətəndaş cəmiyyətinin, xüsusilə də IDEA-nın önəmli rol oynaya biləcəyi vurğulanıb.
Tərəflər Azərbaycanda və regionda birgə layihələrin həyata keçirilməsi və beynəlxalq tədbirlərin təşkili perspektivlərini də müzakirə ediblər.