Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Dekabrın 4-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Parisdə Təbiətin Mühafizəsi naminə Beynəlxalq Birliyin (IUCN) baş direktoru xanım İnger Andersen ilə görüşüb.
Leyla Əliyeva xanım İnger Anderseni IUCN-in baş direktoru vəzifəsinə təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. IDEA-nın fəaliyyətindən danışan Leyla Əliyeva IDEA və IUCN arasında mövcud əməkdaşlıq barədə ətraflı məlumat verib. Bildirilib ki, əməkdaşlığın genişləndirilməsi üçün yaxşı potensial mövcuddur və bundan faydalanmaq zəruridir.
Bu xüsusda, tərəflər təhsil, fauna və floranın mühafizəsi, xüsusi mühafizə olunan ərazilərin idarə edilməsi, ictimai maarifləndirmə və s. sahələrdə əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Xanım İ. Andersen təmsil etdiyi təşkilatın IDEA ilə əməkdaşlıqdan məmnun olduğunu və gələcəkdə bu tərəfdaşlığın daha da inkişafını arzu etdiklərini diqqətə çatdırıb. 2014-cü ildə IUCN tərəfindən Sidney şəhərində təşkil olunan Ümumdünya Parklar Konqresində IDEA-nın fəal iştirakı xüsusi qeyd edilib.