Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
2016-cı ilin yanvarında “Əli və Nino” filminin premyerası keçiriləcək. Yazıçı Qurban Səidin dünya bestselleri, eyniadlı romanı əsasında çəkilmiş film yanvarın 21-dən 31-dək keçiriləcək ABŞ-ın nüfuzlu "Sundance" beynəlxalq film festivalında nümayiş olunacaq.
"Əli və Nino" filminin icraçı prodüseri Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA" mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur. Filmdə Adam Bakri, Mariya Valverde, Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar çəkiliblər.
Qeyd edək ki, filmin çəkilişlərinə 2015-ci il fevralın 24-dən başlamış və iyun ayınadək davam etmişdi. Çəkilişlər Bakıda, tarixi İçərişəhər küçələrində və paytaxtın bir sıra məkanlarında, Qobustan, Xınalıq və s. ərazilərdə aparılıb.
Filmin yaradıcı heyəti gözəl ssenari, beynəlxalq səviyyəli komanda, çəkiliş üçün çox gözəl məkanlar və güclü aktyor heyətinə əsaslanaraq bu ekran əsərinin böyük uğur əldə edəcəyinə ilk gündən əminliyini bildirmişdi.
Bu uğur ilk dəfə olaraq "Sundance" beynəlxalq film festivalında geniş ictimaiyyətə təqdim ediləcək. ABŞ-ın Yuta ştatının Park Siti şəhərində təşkil olunacaq festival 1985-ci ildən keçirilir. Bu il 31-ci dəfə keçiriləcək festivalda 16 bədii, 10 sənədli filmin, uşaqlar üçün 3 ekran işinin premyerası olacaq və 9 filmə baxış keçiriləcək.