Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Məşhur Rusiya Dövlət Kitabxanası (keçmiş Lenin adına kitabxana) Heydər Əliyev Fondunun nəşr etdirdiyi Azərbaycan kitabları ilə zənginləşib. Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva kitabxanaya Azərbaycan dilində kitablar hədiyyə edib. Bu kitablar Şərq ədəbiyyatı salonundakı xüsusi Azərbaycan nəşrləri sərgisinə əlavə olunub.
Leyla Əliyevaya təşəkkürünü bildirən Rusiya Dövlət Kitabxanasının direktoru Viktor Fyodorov bildirib ki, bu, iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacaq. O, kitabxananın Azərbaycan Milli Kitabxanası ilə sıx tərəfdaşlıq əlaqələri saxladığını söyləyib.
Leyla Əliyeva mədəniyyət, təhsil, səhiyyə sahələrində və sosial sahədə çox işlər görən Fondun geniş fəaliyyətindən danışıb. O bildirib ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq bir ildir fəaliyyət göstərir və RF ictimaiyyətinin ölkəmiz haqqında daha obyektiv məlumat alması üçün Azərbaycan mədəniyyətinin təbliği ilə məşğul olur. Leyla Əliyeva Rusiya Dövlət Kitabxanası ilə daha sıx əməkdaşlığa, məsələn, müxtəlif birgə tədbirlərin, təqdimatların, tələbələrlə görüşlərin keçirilməsinə tərəfdar olduğunu bildirib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin bu aksiyasını yüksək qiymətləndirərək tədbirin ictimaiyyət, ziyalılar, dost ölkədə yaşayan soydaşlarımız üçün əhəmiyyətini vurğulayıb. O Azərbaycan və Rusiyanın Mədəniyyət nazirlikləri arasında kitabxana işi sahəsində əməkdaşlıq haqqında müqavilənin imzalandığını deyib, bu əlaqələri yeni reallıqlar baxımından təkmilləşdirməyin lazım olduğunu qeyd edib. Səfir Heydər Əliyev Fondunun və onun Rusiyadakı nümayəndəliyinin fəaliyyətindən danışarkən Fond çərçivəsində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının yaradıldığını xüsusi vurğulayıb. P.Bülbüloğlu hesab edir ki, bu təşkilatın kitabxanada keçirilən tematik gecələrə, təqdimat mərasimlərinə, müasir müəlliflərlə görüşlərə və digər tədbirlərə cəlb edilməsi yaxşı olardı.
Görüş zamanı əməkdaşlığın daha konkret yollarından danışılıb, Azərbaycan yazıçılarının kitablarından ibarət sərgilərin təşkilinin, müasir Azərbaycan müəlliflərinin yaradıcılıq gecələrinə dəvət edilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, kitab mübadiləsi sahəsində daha sıx əməkdaşlıq etmək, Rusiya kitabxanalarını Azərbaycan kitabları ilə, xüsusilə müasir Azərbaycan haqqında nəşrlərlə zənginləşdirmək lazımdır.
Leyla Əliyeva kitabxananın direktoru V.Fyodorova Heydər Əliyev Fondu adından hədiyyə təqdim edib. V.Fyodorov isə Leyla Əliyevaya Avropada ən böyük, dünyada isə ABŞ Konqresinin kitabxanasından sonra ikinci sayılan Rusiya Dövlət Kitabxanası haqqındakı nəşri hədiyyə edib.