Ən qədim dövrlərdən Azərbaycanda ailə dəyərlərinə ehtiramla yanaşılıb. Böyüklərə hörmət, kiçiklərə qayğı – nəsildən-nəsilə ötürülən gözəl ənənələrdir.
Dekabrın 30-da Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər.
Xüsusi layihə əsasında tikilmiş Zirə Mədəniyyət Mərkəzinin ümumi sahəsi 6 min kvadratmetrdir. İkimərtəbəli binanın girişində ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın ictimai-siyasi fəaliyyətlərini əks etdirən fotostend qurulub. Qalereyada yaşıllıq sahəsi salınıb, müxtəlif növ ekzotik bitkilər, gül və ağaclar əkilib, köşklər qurulub, su-kanal sistemi yaradılıb. Mərkəzin xarici dil kabinetində ingilis, rus və fransız dillərinin öyrənilməsi üçün bütün dərs vəsaitləri var. Kabinetdə elektron lövhə qurulub, hər bir şagird masası son elektron texnologiyalı kompyuterlərlə təchiz olunub. Zirə Mədəniyyət Mərkəzindəki IDEA resurs mərkəzi ölkə üzrə fəaliyyət göstərən anoloji mərkəzlərdən biridir və Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq İctimai Birliyinin ideyası ilə yaradılıb. Burada qlobal iqlim, flora və fauna dəyişikliyi problemləri, kimyəvi tullantılar, ekoloji tarazlığın pozulması ilə bağlı görüşlərin, “dəyirmi masa”ların keçirilməsi planlaşdırılır. Mərkəzdə yaşıllaşdırma, landşaft dizaynı və bağçılıqla bağlı treninqlər də keçiriləcək.
Şahmat sinfində bu qədim oyunun sirlərini öyrənmək istəyənlərin məntiqi düşüncələrinin düzgün formalaşdırılması üçün ən üstün elektron texnologiya qurulub. Kabinet elektron şahmat lövhələri ilə təmin edilib. Oyunlar eyni vaxtda internet vasitəsi ilə monitorda nümayiş olunur.
Moda studiyası da müasir tikiş avadanlıqları ilə təmin olunub. Bura dərzilik kursu, tikiş dərsləri ilə yanaşı, geyimlərin sifarişi, həm də nümayiş xarakterli bir məkandır. Paltarların biçimi və tikişi kursu fərdi və qrup xarakteri daşıyır.
Muzey formatında yaradılan Zirə Xalça Muzeyi də Mədəniyyət Mərkəzində yerləşir. Muzeydə 150 ildən çox yaşı olan Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri qorunur. Burada xovlu və xovsuz xalçalar, kilim, palaz nümunələri nümayiş olunur. Xüsusi elektron tanıtım sistemi ilə təchiz edilən muzeydə hər bir xalça haqqında Azərbaycan və ingilis dillərində geniş məlumat verilir. Xalça Muzeyinin nəzdində Xalçaçılıq Tədris Mərkəzi də fəaliyyət göstərir. Burada xalçalarımız haqqında praktik və nəzəri dərslər keçirilir. Bu dərslərdə müxtəlif yaş qruplarına aid insanlar iştirak edir. Tədris mərkəzi xalçaçılıqda istifadə olunan ləvazimatlarla və hanalarla təchiz olunub. Dərslərin səmərəli keçirilməsi üçün mərkəz Azərbaycan xalçaçılığından bəhs edən audio və video materiallar, kitablar, kataloq və jurnallarla təmin olunub. Mərkəzdə tədris zamanı istifadə olunan xalça eskizlərinin və çeşnilərin hazırlanması üçün rəssamlıq otağı da yaradılıb. Burada 30-dan artıq şagirdə xalçaçılığın sirləri öyrədiləcək. Perspektivdə xalça fabrikinin yaradılması nəzərdə tutulur.
Mərkəzdə 300 nəfərlik 3D kinozalı da fəaliyyət göstərir. “Nizami” Kino Mərkəzində nümayiş olunan filmlərin müasir texnologiya ilə təchiz olunan bu kinozalda da yayınlanması nəzərdə tutulub. Burada xüsusi akustik sistem, lisenziyalı proyektor, işıq və havalandırma sistemləri qurulub. Zalda konsert, musiqili gecələr, iclas, toplantı və təqdimatların keçirilməsi də mümkündür.
Nikah evində nikahların qeydiyyatı aparılacaq və bununla əlaqədar tədbirlər keçiriləcək. Yeni evlənənlərin tibbi müayinəsi və onlara tibbi arayışın verilməsi, yeni doğulmuş körpələrin qeydiyyatı da burada aparılacaq. Mədəniyyət Mərkəzində yeni evlənənlər üçün müxtəlif mərasimlərin və əyləncələrin təşkili ilə bağlı geniş imkanlar var.
Mərkəzdə idman və bədii gimnastika təlimləri üçün nəzərdə tutulan gimnastika zalı da yaradılıb və zal Gimnastika Federasiyası tərəfindən müvafiq avadanlıqlarla təchiz olunub. Art-studiya isə rəngkarlığın sirlərini öyrənmək istəyən müxtəlif yaş qruplarına aid istedadlı gənclərin cəlb olunması üçün nəzərdə tutulub. Studiya zəruri avadanlıq və rəngkarlıq vasitələri ilə təchiz edilib. Burada gələcəkdə tanınmış rəssamların ustad dərslərinin təşkili planlaşdırılır.
Elektron kitabxana mərkəzləşdirilmiş sistemlə təchiz olunub və üç mindən çox elektron vəsait bazaya yüklənib. Kitabxana xüsusi dizaynla tərtib olunub. İstifadəçilərin rahatlığı üçün kitablar sərbəst istifadəyə verilib.
Foto-video studiya da rəqəmsal texnologiyanın ən son avadanlıqları ilə təchiz edilib. Burada müasir fotostudiya - xüsusi fon pərdələri, işıq sistemi, kompyuterləşmiş foto avadanlığı qurulub. Studiyada peşəkar çəkiliş və xidmətlə yanaşı, foto-video-montaj dərslərinin keçirilməsi, mərasimlərin işıqlandırılması nəzərdə tutulub.
Zirə Mədəniyyət Mərkəzində seçicilər, qəsəbə sakinləri ilə qəbul və görüşlərin keçirilməsi üçün də hər cür şərait yaradılıb. Seminar, treninq, iclas, təqdimat və yığıncaqların təşkili üçün zəruri avadanlıqla təchiz olunan 60 nəfərlik konfrans zalı qurulub.
Mərkəzin özəlliyini artıran mühüm amillərdən biri də burada Orxideya Evinin yaradılmasıdır. Ölkədə ilk dəfə yaradılan bu məkanda 150 nəfərlik qonaq qəbulu və müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait var. Zalın tərtibatında müxtəlif ekzotik gül və ağac kompozisiyalarından, rəngarəng orxideya növlərindən istifadə olunub.
Sonra Prezident İlham Əliyev və ailə üzvləri Xəzər rayonunun bir qrup sakini ilə görüşüblər.
Prezident İlham Əliyev Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın yüksək səviyyədə qurulduğunu, burada hər cür şəraitin yaradıldığını bildirib. Diqqətə çatdırılıb ki, ölkəmizin hər yerində, o cümlədən paytaxtda ictimai yerlər, parklar yaradılır və bütün bunlar da insanların rahatlığı üçün edilir. Son illərdə paytaxtın bütün kənd və qəsəbələri kimi Zirə qəsəbəsinin də inkişafının sürətlə getdiyini bildirən dövlətimizin başçısı Xəzər rayonundan deputat seçilən Mehriban Əliyevanın fəaliyyətinin bu prosesə mühüm töhfə verdiyini, ərazidə icra olunan ekoloji layihənin müəllifinin Leyla Əliyeva olduğunu deyib. Vurğulanıb ki, ölkəmizdə sosial və infrastruktur layihələri, Bakı və ətraf qəsəbələrin inkişafı ilə bağlı Dövlət Proqramı uğurla icra olunur, 2015-ci ildə Azərbaycanda ictimai sabitlik təmin edilib və növbəti illərdə ölkəmizin iqtisadi inkişafının təmin olunması diqqət mərkəzində saxlanılacaq. Gələn il idarəetmə sahəsində islahatların yeni formatda davam etdiriləcəyini deyən Prezident İlham Əliyev icra orqanlarının fəaliyyətində, vergi və gömrük sahəsində şəffaflığın təmin ediləcəyini bildirib. “Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”,- deyən dövlətimizin başçısı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbriklərini çatdırıb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Milli Məclisin deputatı kimi Xəzər rayonunun inkişafının bundan sonra da diqqət mərkəzində saxlanılacağını deyib və bu işdə ona göstərdikləri dəstəyə görə sakinlərə təşəkkür edib.
Sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Prezident İlham Əliyev və ailə üzvləri Zirə Mədəniyyət Mərkəzinin ətrafında salınan eko-parkda yaradılan şəraitlə tanış olublar. Burada müəllifi Leyla Əliyeva olan “Ürək” əsərinin 3 metrlik abidəsi də ucaldılıb. On hektar ərazidə salınan eko-park xüsusi landşaft dizaynı ilə layihələndirilib. Burada geniş yaşıllaşdırma işləri görülüb, minlərlə müxtəlif növ nadir dekorativ və meyvə ağacları, bəzək kolları və güllər əkilib. Parkda müxtəlif növ attraksionlardan ibarət uşaq meydançası yaradılıb, idman trenajor qurğuları quraşdırılıb. Elektromobillər və velosipedlər üçün xüsusi yollar salınıb. Parkın özəlliyini artıran mühüm cəhətlərdən biri də burada 25 adda 150-dək ekzotik quşların saxlanmasıdır. Onların saxlanması və artırılması üçün burada quş parkı yaradılıb. Bundan əlavə, parkda kiçik süni su hövzələri - gölməçələr də var. Ərazinin suvarılması xüsusi sistemlə həyata keçirilir və avtomatik idarə olunur.
Parkda asudə vaxtın səmərəli keçirilməsi üçün istirahət zonaları da yaradılıb, köşklər qurulub. Fəvvarələr meydançası əraziyə xüsusi yaraşıq verir. Pilləli formada yaradılan meydançada rəngarəng işıqlandırma sistemi də qurulub.
Ərazi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və ailə üzvləri eko-parkda ağac əkiblər.
Qeyd edək ki, Zirə Mədəniyyət Mərkəzi xüsusi xidməti avtobuslarla təchiz olunub. Bundan əlavə, qəsəbə sakinlərinin rahatlığının təmin olunması üçün Zirə bələdiyyəsinə sərnişin avtobusları da verilib. Onu da deyək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zirə Mədəniyyət Mərkəzinin yaxınlığında Suraxanı rayonu 2 saylı uşaq evi üçün 140 yerlik yay düşərgəsinin inşası başa çatmaq üzrədir.