“Əli və Nino” ekran əsəri ABŞ film festivalında və dünya mediasında
29/01/2016

Çəkilişləri 2015-ci ildə həyata keçirilən “Əli və Nino” filminin ilk nümayişi olub. Filmin nümayişi ABŞ-ın "Sundance" beynəlxalq film festivalı çərçivəsində “Premyera” kateqoriyasında keçirilib.

"Əli və Nino" filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti  Leyla Əliyeva, prodüseri Kris Tikyer, rejissoru "BAFTA" mükafatı sahibi Asif Kapadia, ssenari müəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

Premyerada filmin rejissoru Asif Kapadia, prodüseri Kris Tikyer və Əli rolunun ifaçısı Adam Bakri iştirak edib.

Qeyd edək ki, rejissor Asif Kapadianın 2015-ci ildə çəkdiyi digər bir ekran əsəri - “Emi” (“Amy”) “Ən yaxşı tammetrajlı sənədli film” nominasiyasında “Oskar”a namizəddir.

Yazıçı Qurban Səidin dünya bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və 20-ci əsrin əvvəlində Rusiyanın Azərbaycanı işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə, həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak edir.

İctimaiyyətə ilk dəfə təqdim olunan film artıq dünya mediasının da gündəmindədir. Xarici media “Əli və Nino”nun musiqisini və kinematoqrafiyasını yüksək dəyərləndirir. Yayımlanmış materiallarda filmin musiqisinin nostalji, eyni zamanda romantik, kədərli, bununla yanaşı ümidverici olduğu qeyd edilir. Filmin çox hissəsinin orijinal əsərə uyğun çəkildiyi, ekran əsərinin iki insan arasındakı münasibətlərin mənfi və müsbət tərəflərini, eləcə də kənardan göstərilən təzyiqləri əks etdirdiyi bildirilir. Qeyd olunur ki, Adam Bakri və Mariya Valverde öz obrazlarının sentimental cəhətlərini canlandırır, həmişə, hətta ən çətin anlarda belə soyuqqanlıqlarını qoruya bilirlər.

“Əli və Nino” filminin yaxın vaxtlarda Bakıda təqdimatı nəzərdə tutulur.

http://www.peoplemagazines.net/ali-nino-sundance-review/

http://news.independence-card.com/ali-nino-sundance-review/

http://www.hollywoodreporter.com/review/ali-nino-sundance-review-859999

http://www.brehmcenter.com/initiatives/reelspirituality/film/reviews/ali-and-nino