Fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “İqlim və enerji təhlükəsizliyi. İstiləşmə hələ də davam edirmi?” mövzusunda keçirilən panel-müzakirədə iştirak edib.
Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da iştirak ediblər.
Panel-müzakirənin aparıcısı Melinda Kreyn tədbirin mövzusunun dünyada iqlim və enerji təhlükəsizliyinə həsr olunduğunu deyib. Daha sonra o, bu tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin və bir çox mötəbər qonaqların iştirak etdiyini bildirib.
Dövlətimizin başçısı İlham Əliyev tədbirdə çıxış edib və sualları cavablandırıb.
Avropa Komissiyasının enerji birliyi üzrə sədr müavini Maroş Şefçoviç, ABŞ Senatının ətraf mühit və ictimai işlər komitəsinin üzvü Şeldon Uaythaus, “Allianze SE” şirkətinin baş icraçı direktoru, Münxen Təhlükəsizlik Konfransının Məşvərət Şurasının üzvü Oliver Bate və “Green Peace International” təşkilatının sabiq icraçı direktoru Kumi Naydoo panel-müzakirədə enerji təhlükəsizliyi ilə bağlı fikirlərini bölüşüblər.
Sonra müzakirələr aparılıb.