“TEAS Press” nəşriyyatında “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabı fransız dilində çap edilib. Kitab ilk dəfə 2014-cü ildə ingilis dilində Londonun “ITHACA Press” nəşriyyatında (tərtibçilər: İen Peart, Fiona Maklaxlan) və 2015-ci ildə rus dilində Sankt-Peterburqun “Vestnik” nəşriyyatında işıq üzü görüb. “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva kitaba müqəddimə yazıb.
“Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində işıq üzü görən bu kitab 1992-ci il fevralın 26-da baş vermiş Xocalı hadisələri ilkin mənbələrə əsasən sənədləşdirilən və Qərbdə ingilis dilində işıq üzü görən ilk nəşrdir. Bu nəşr Xocalı qətliamından sağ çıxan insanlardan Qərb müəllifləri tərəfindən müsahibə yolu ilə alınmış şahid ifadələrinin ilk toplusudur.
Kitabda Qərb və Rusiya mediasında Xocalı hadisəsi ilə əlaqədar çap olunmuş məqalələr, həmçinin elmi araşdırmalar yer alıb. Xocalı qətliamına dair beynəlxalq insan hüquqları təşkilatlarının (Memorial və Human Rights Watch/Helsinki ) hesabatları topluda tam şəkildə çap olunub.
Xarici fotomüxbirlərin (Viktoriya İvleva, Frederik Lenqaiqn, David Brauxli, Klaus Reysinger, Lin Heng Shing və George de Kerl) lentə aldıqları nadir fotoşəkillər də kitabda xüsusi yer tutur.
Topluya beynəlxalq mediadan (The Washington Post, Le Monde, The Times, Труд, Комсомольская правда və s.) daxil edilmiş materiallar və fotoşəkillər Avropa Azərbaycan Cəmiyyəti tərəfindən eksklüziv anlaşma nəticəsində əldə edilib və ilk dəfədir ki, işıq üzü görür.
Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə (“Khojaly Witness of a war crime – Armenia in the Dock”) kitabı Xocalı qətliamına dair obyektiv vəziyyəti əks etdirən bir hesabat, beynəlxalq ictimaiyyəti onun haqqında hərtərəfli şəkildə məlumatlandıran nadir nəşrlərdən biridir.