Xocalı soyqırımına həsr edilən “Sonsuz dəhliz” filminin və kitabın Afinada təqdimatı keçirilib
22/02/2016

Fevralın 22-də Afinadakı “Ideal Cinema” kinoteatrında “Endless Corridor” (“Sonsuz Dəhliz”) adlı sənədli filmin nümayişi və “Khojaly Witness of a war crime – Armenia in the Dock” (“Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə”) kitabının təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Yunanıstandakı Səfirliyi və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilmiş anım gecəsi 1992-ci il 26 fevral tarixində törədilmiş Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə həsr edilib. Qətliam nəticəsində 613 Xocalı sakini ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Həlak olanlar arasında 106 qadın, 63 uşaq və 70 qoca da olub.

Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev Yunanıstanın ictimai-siyasi xadimləri, diplomatlar və mətbuat nümayəndələri də daxil olmaqla, 120 nəfərlik auditoriya qarşısında çıxış edib.

“Sonsuz dəhliz”in litvalı rejissoru Aleksandras Brokas filmin yaranması barədə danışıb.

Filmin fasiləsi zamanı, həmçinin “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının da təqdimatı olub.