Rusiya Federasiyasının prezidenti Vladimir Putin “Puşkin” medalını Leyla Əliyevaya təqdim edib
Fevralın 24-də Böyük Britaniya parlamentində Xocalı qətliamının qurbanları incəsənət vasitəsilə və ilk “Xocalı Sülh Mükafatı”nın təqdimatı ilə anılıb. Həmin axşam Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin və başqa müharibələrin sülh yolu ilə həllinin təbliği, qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyətinə ictimai diqqəti çəkmək məqsədilə Böyük Britaniyada təhsil alan tələbə və gənc rəssamlar tərəfindən təqdim edilmiş bir sıra incəsənət işlərinin sərgisi keçirilib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil edilmiş müsabiqə və sərgi 1992-ci il fevralın 26-da baş vermiş Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunub.
Böyük Britaniya parlamentinin “Strangers Dining Room” zalında keçirilən tədbirdə deputatlar, Azərbaycan və Türkiyə diasporunun fəalları, mətbuat nümayəndələri, həmçinin Azərbaycanın dostları və incəsənət həvəskarları iştirak ediblər. Münsiflər heyətinə skripkaçı, TEAS-nin incəsənət və mədəniyyət üzrə məsləhətçisi, Nyu-York Culiard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu Səbinə Rakçeyeva və Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Bob Bləkmən daxil idi.
Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Bob Bləkmən, münsiflər heyətinin daha bir üzvü, Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter və Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Mark Menzies tədbirdə çıxış ediblər.
Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini, qaçqınların vəziyyətini ən yaxşı təsvir edən rəssamlara “Xocalı Sülh Mükafatı” təqdim olunub.
“Bir yerdə olmaq və birlikdə böyümək” adlı əsəri ilə kanadalı gənc rəssam Qordon Berqer birinci yeri tutub. İkinci yerə “Cənnət quşları” adlı əsəri ilə britaniyalı gənc rəssam Eileen Anderson, üçüncü yerə isə “İnterfeys” adlı əsəri ilə koreyalı gənc rəssam Seunqjo Jeonq layiq görülüblər.